Azərbaycanda vaxtilə əczaçılıq, dərman sənayesi mövcud olub. Lakin Sovet İttifaqının dağılması ilə iqtisadiyyatda yaranmış xaos bu sahəyə də təsirini göstərib. Bu xaos indi də davam edir. Apteklərin sayı artsa da, keyfiyyətdə artımın olmasını demək olmaz. Hansısa əczaçılıq şirkətinin xidmət keyfiyyəti yüksək ola bilər. Amma bu dərman preparatının keyfiyyətinə dəlalət etmir. Eyni dərmanın keyfiyyətinin “Alman aptekləri”ndə bir cür, digər apteklərdə tamam başqa cür olduğunu görürük. Bu da səhiyyə sferasında, daha dəqiq desək, dərman biznesində kök salmış işbazların əməllərinin nəticəsidir. Eyni ad ilə satışda olan dərmanların fərqli keyfiyyəti o deməkdir ki, ölkəyə bəzi firmalar tərəfindən gətirilib apteklərdə satılan həblər, iynələrin tərkibi elə yerindəcə dəyişdirilir. Bu barədə çox danışılıb. Başqa cür ola da bilməz. Çünki, məsələn, Almaniyada istehsal olunan dərmanların eynisini daxildə hazırlayacaq müəssisəmiz yoxdur. Amma “Alman aptekləri”ndən alınan dərmanların orqanizmə təsirindən fərq dərhal hiss olunur. Ona görə də insanlar bahalığa baxmayaraq, o apteklərə üz tuturlar. Çünki ortada insan sağlamlığı dayanır.
Başqa bir problem isə bəzi həkimlərin dərman alverçiləri ilə sövdəgarlıqlarıdır. Artıq xeyli müddətdir Azərbaycanda dərman firmaları tibb müəssisələrində biznes şəbəkəsi qurublar. Bu şəbəkəyə dövlət və özəl xəstəxanaların, poliklinikaların həkimləri daxildirlər. Onlardan yalnız bir şey tələb olunur. Pasiyentlərə resept yazanda dərman firmalarının kataloqlarındakı məhsulları yazmalıdılar. Qarşılığında isə aylıq qonorar alırlar.
Göründüyü kimi, daha Hippokrat andı, vicdan meyarları bəzi həkimlər, tibb işçiləri üçün göstərici sayılmır. Ciddi araşdırma aparılsa, bu şəbəkəni aşkar etmək elə də çətin olmaz. Əslində hamı hər şeyi görür, bilir, amma, eyni zamanda, heç kim heç nəyi, heç kimi “görmür”, “bilmir”… Mövzunun davamı olacaq.
Sima Babayeva























