image-tramp-3-900x506-1backend

Donald Trump-ın gizli planı? İran, Kuba və Venesuelada…

ABŞ prezidenti Donald Trumpın yaxın vaxtlarda İran, Venesuela və Kubada rejim dəyişikliyinin mümkün ola biləcəyi barədə məlumatlandırılması ilə bağlı bir sıra xəbərlər yayılıb.

Məsələ ilə bağlı Referans Media-nın suallarını cavablandıran politoloq Elşad Hüseynov ABŞ-ın son dövrlər apardığı xarici siyasət kursu, xüsusilə İran, Kuba və Venesuela istiqamətində baş verən prosesləri şərh edib. O bildirib ki, Donald Trump hakimiyyətə gəldikdən sonra bir sıra münaqişələrin dayandırıldığını bəyan etsə də, Rusiya–Ukrayna müharibəsi hələlik davam edir və bu istiqamətdə danışıqlar prosesi gedir.

Politoloqun sözlərinə görə, Tramp öz açıqlamalarında səkkiz müharibəni dayandırdığını və sülhə nail olduğunu bildirib. Rusiya–Ukrayna müharibəsini isə hələlik tam dayandırmaq mümkün olmayıb. Bununla belə, ABŞ administrasiyası həm Ukraynaya, həm də Rusiyaya təzyiqlər göstərir və hesab olunur ki, bu il ərzində müharibənin dayandırılması mümkündür.

Elşad Hüseynov qeyd edib ki, yanvarın 3-də ABŞ prezidentinin göstərişi ilə Venesuela prezidenti və həyat yoldaşı həbs edilərək ABŞ-ın federal təhlükəsizlik xidmətinin həbsxanasına yerləşdirilib. Bundan sonra ölkədə hakimiyyət dəyişikliyi baş verib və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün müəyyən planların hazırlandığı bildirilir.

Onun fikrincə, Venesuelada baş verən dəyişikliklərlə paralel olaraq, Kuba istiqamətində də təzyiqlər artırılıb. Kuba əsasən Venesuela nefti ilə təmin olunurdu. Lakin tətbiq edilən sanksiyalar nəticəsində bu tədarükün qarşısı alınıb və ölkədə ciddi problemlər yaranıb. Rusiyadan Kubaya tanker göndərilsə də, bunun yetərli olmadığı vurğulanır. Bildirilir ki, Tramp administrasiyası Kubada da hakimiyyət dəyişikliyinə nail olmaq istəyir.

Politoloq əlavə edib ki, İranda mövcud dini rejim əhali tərəfindən qəbul edilmir və dəfələrlə etiraz aksiyaları keçirilib. Dekabrın 27-dən başlayan etirazların davam etdiyi bildirilir. Rəsmi məlumatlara görə, 5 mindən çox insanın həlak olduğu qeyd olunur, xarici və müxalif mənbələr isə bu rəqəmin 30 mindən artıq olduğunu iddia edir.

Onun sözlərinə görə, etirazlar başlayarkən Tramp ABŞ-ın dəstək verəcəyini bəyan edib və Amerika hərbi qüvvələrini İran ətrafında cəmləşdirib. Yaxın Şərqə ABŞ qoşunlarının yerləşdirildiyi, “Lincoln” və “Ford” tipli hərbi gəmi daşıyıcılarının bölgəyə göndərildiyi bildirilir. Həmçinin bölgədəki hərbi bazalara F-35, F-16 və digər təyyarələrin yerləşdirildiyi qeyd olunur. ABŞ-ın əsas tələbi İranın nüvə silahından tam imtina etməsidir.

Bu istiqamətdə danışıqların davam etdiyi, ayın 26-da Cenevrədə ABŞ nümayəndələri ilə İran Xarici İşlər Nazirliyi arasında görüşün nəzərdə tutulduğu bildirilir. Əgər razılıq əldə olunmazsa, ABŞ-ın İrana hərbi zərbə endirə biləcəyi ehtimal olunur.

Elşad Hüseynov qeyd edib ki, Tramp əvvəlcə 15 gün, daha sonra isə 48 saat müddət verdiyini bəyan edib. Danışıqlar müsbət nəticələnərsə, müharibə riski azalacaq. Əks halda, ABŞ-ın İrana zərbə endirməsi mümkündür və bu zərbənin əvvəlkilərdən fərqli ola biləcəyi vurğulanır.

Politoloqun fikrincə, əsas məqsədlərdən biri İranda mövcud rejimin dəyişdirilməsidir. O bildirib ki, ölkədə iqtisadi vəziyyət ağırdır, milli valyuta dəyər itirib, qiymətlər bahalaşıb və əhalinin sosial durumu çətinləşib.

Eyni zamanda qeyd olunub ki, ABŞ-da yaşayan şah nəslinin davamçısı Reza Pahlavi hakimiyyətə iddialıdır. Bildirilir ki, o, uzun illərdir ABŞ-da yaşayır, Qərb təhsili alıb və İranda dünyəvi, müasir dövlət modelinin qurulmasını dəstəkləyir.

Politoloqun qənaətinə görə, ABŞ regionda öz maraqlarına uyğun siyasi modelin formalaşmasını istəyir və yaxın aylarda Trampın planlarının həyata keçməsi ehtimalı istisna edilmir.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki