“Mançester Yunayted”də çıxış edən Türkiyə millisinin qapıçısı Altay Bayındırın Süper Liqaya qayıtmağa hazırlaşdığı iddia olunur.
Referans Media xəbər verir ki, Beşiktaş qış transfer dönəmində 27 yaşlı qapıçı ilə danışıqlar apararaq razılığa gəlib. Yaz transfer dönəmi açıldıqdan sonra Altay Bayındırın kluba rəsmi şəkildə imza atması gözlənilir.
“Fənərbaxça”dan 2023-cü ilin sentyabr ayında ayrılaraq “Mançester Yunayted”ə keçən Altay Bayındır, bu mövsümdə İngiltərə klubunda 6 oyunda iştirak edib və qapısında 11 qol görüb.
Fanatik qəzetinin məlumatına görə, Beşiktaş həm klub, həm də qapıçı ilə bütün şərtlər üzrə razılığa gəlib. Altay Bayındırın illik maaşı təxminən 2 milyon avro, bonservis məbləği isə 5 milyon avro təşkil edəcək.
Beşiktaş, qış transfer pəncərəsində də Altay Bayındır üçün danışıqlar aparmış, lakin nəticə əldə edə bilməmişdi. Razılığın yaz dönəmində rəsmi müqavilə ilə təsdiqlənəcəyi gözlənilir.
Beləliklə, milli qapıçı Altay Bayındır, Süper Liqaya qayıdaraq Beşiktaşın qapısını qoruyacaq.























