Avropa Parlamentindən Rusiya mesajı: “Başqa seçim yoxdur”

Avropa Parlamenti üzvü Maykl fon der Şulənburq bildirib ki, Avropa İttifaqı ilə Rusiya arasında dialoqun bərpası zəruridir və bunun alternativi yoxdur.

Referans MEDİA-nın məlumatına görə, Almaniyanın BSW (keçmiş Sahra Vaqenknext İttifaqı – Ağıl və Ədalət) partiyasını təmsil edən deputat qeyd edib ki, tərəflər arasında münasibətlərin getdikcə pisləşməsi heç bir müsbət nəticə verməyəcək.

Şulenburqun sözlərinə görə, Avropa İttifaqı beynəlxalq arenada təsir gücünü qorumaq istəyirsə, ilk növbədə qitədə sabitliyi təmin etməlidir.

“Əgər dünyada hər hansı təsirə malik olmaq istəyiriksə, ilk növbədə Avropada sabitlik yaratmalıyıq. Bu, nə mənəviyyat, nə də hansısa ideoloji yanaşma məsələsidir”, – deyə o bildirib.

Deputat vurğulayıb ki, bunun üçün Rusiya ilə danışıqlar aparmaq vacibdir.

“Əgər bunu etmək istəyiriksə, Rusiya ilə danışmalıyıq. Bunun sadəcə başqa alternativi yoxdur. Əslində bu, çox sadə məsələdir. İnanmaq çətin olsa da, həqiqət budur”, – deyə Şulenburq qeyd edib.

Onun fikrincə, vaxt gələcək Avropa başa düşəcək ki, mövcud böhranın həlli yalnız sülh yolu ilə mümkündür və qarşılıqlı gərginliyin davam etməsi heç bir nəticə vermir.

“Bir gün Avropa anlayacaq ki, bizə sülh yolu ilə nizamlanma lazımdır və qarşılıqlı eskalasiya spiralı tamamilə nəticəsizdir”, – deyə deputat əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki