Almaniyanın ən strateji və nəhəng hava nəqliyyatı mərkəzlərindən biri olan Münhen beynəlxalq hava limanının fəaliyyəti qəfil və tamamilə dayandırılıb.
Referans Media xəbər verir ki, bu kəskin qərarın verilməsinə səbəb aeroportun hava məkanında naməlum və müəmmalı bir uçuş aparatının, böyük ehtimalla hərbi və ya casus tipli pilotsuz uçuş aparatının (PUA) aşkarlanması olub.
Aviasiya təhlükəsizliyi tələblərinə uyğun olaraq, sərnişinlərin həyatını riskə atmamaq üçün uçuş-enmə zolaqları dərhal bağlanıb. Beynəlxalq uçuşların monitorinqini həyata keçirən "Flightradar" xidmətinin yaydığı şok məlumatlara görə, hazırda Münhenə enməli olan onlarla sərnişin təyyarəsi səmada dövrə vuraraq çarəsiz vəziyyətdə qalıb, bir çox hava gəmiləri isə təcili olaraq digər ehtiyat aerodromlara yönləndirilir.
Almaniyanın xüsusi xidmət və hüquq-mühafizə orqanları hava məkanını iflic edən həmin naməlum obyektin mənşəyini və kimə məxsus olduğunu müəyyənləşdirmək üçün genişmiqyaslı araşdırmalara başlayıb, hava limanında isə ciddi ajiotaj və xaotik vəziyyət hökm sürür./Musavat.com
