Avropanın ən böyük iqtisadiyyatı ilə yeni mərhələ – Bakının geopolitik gedişi

Prezident İlham Əliyevin Almaniyaya səfəri və Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə keçirdiyi görüş ikitərəfli münasibətlərin gələcəyi baxımından diqqət mərkəzindədir. Ekspertlər hesab edirlər ki, bu təmaslar təkcə Azərbaycan–Almaniya əməkdaşlığı üçün deyil, həm də Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri, enerji təhlükəsizliyi və Cənubi Qafqazın geosiyasi mənzərəsi baxımından mühüm əhəmiyyət daşıyır.

Mövzu ilə bağlı Referans Media-nın suallarını cavablandıran politoloq Aydın Quliyev bildirib ki, Almaniya ilə münasibətlərin inkişafı Azərbaycanın Avropa istiqamətində mövqeyinin daha da güclənməsinə töhfə verə bilər.

Politoloqun sözlərinə görə, Almaniya ilə münasibətlərin dinamik inkişafı bütün sahələrdə Azərbaycanla əməkdaşlığın genişlənməsinə təsir göstərən mühüm amillərdən biridir.

"Almaniya Avropanın ən güclü iqtisadiyyatlarından biridir və Azərbaycanın ən mühüm ticarət və investisiya tərəfdaşlarından birinə çevrilə bilər. Artıq hazırda da Almaniya Azərbaycanın Avropada iqtisadi, ticarət və investisiya baxımından maraqlı tərəfdaşlarından biridir.

Eyni zamanda Almaniyanın Azərbaycanla münasibətlərinin siyasi gələcəyinə də böyük təsir potensialı var. Burada söhbət yalnız Azərbaycan–Almaniya əməkdaşlığından getmir. Almaniyanın geniş imkanları var ki, Azərbaycanın digər Avropa ölkələri və Avropa institutları ilə münasibətlərinə də müsbət təsir göstərə bilsin.

Hazırda etiraf etməliyik ki, Azərbaycanın Avropanın 11 ölkəsi ilə strateji tərəfdaşlıq sazişi olsa da, ölkəmizə hələ də arzuolunan münasibət göstərməyən Avropa dövlətləri mövcuddur. Hətta bəzi Avropa qurumlarında müəyyən ölkələrin təmsilçiləri Azərbaycana qarşı davamlı təzyiq və tənqidlərlə çıxış edir, müxtəlif beynəlxalq platformalarda ölkəmiz əleyhinə sənədlərin qəbul olunmasına təşəbbüs göstərirlər.

Bu sırada Almaniyanın özünə də deyiləcək sözlər var. Çünki Almaniyanın müxtəlif Avropa qurumlarında, o cümlədən AŞPA və Avropa Parlamentində təmsil olunan bəzi deputatları da ayrı-ayrı hallarda Azərbaycana obyektiv olmayan münasibət sərgiləyirlər.

Bu baxımdan hesab edirəm ki, Azərbaycanın Avropa qurumları ilə münasibətlərinin normallaşması istiqamətində Almaniya mühüm rol oynaya bilər. Xüsusilə Almaniyanın Avropa institutlarındakı deputat korpusunun daha fəal mövqe nümayiş etdirməsinə və Azərbaycana daha obyektiv yanaşmasına ciddi ehtiyac var. Dövlətlərarası siyasi münasibətlərin inkişafı bu istiqamətdə də müsbət dəyişikliklərə səbəb ola bilər.

Almaniya uzun illərdir Cənubi Qafqaz regionuna maraq göstərir. Xüsusilə Mərkəzi Asiya–Qafqaz–Avropa xətti üzrə əməkdaşlığın intensivləşməsi Almaniyanın həm iqtisadi, həm də geosiyasi maraqlarına cavab verir. Almaniya Mərkəzi Asiyanın təbii ehtiyatlarına maraq göstərir və bu resursların Azərbaycan üzərindən Avropaya, o cümlədən Almaniyaya nəqli böyük ölçüdə Azərbaycandan asılıdır.

Bu baxımdan Almaniyanın Azərbaycanla siyasi münasibətləri inkişaf etdirməkdə maraqlı olması təbiidir. Hər iki ölkənin əməkdaşlıqdan əldə edəcəyi mühüm dividendlər var. Bunun üçün əsas şərt qarşılıqlı siyasi iradənin mövcud olmasıdır."

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki