Qiymətlər od tutub yanır: Buraya getmədən əvvəl iki dəfə düşünün

Türkiyənin məşhur istirahət məkanlarından olan Alaçatıda yüksək qiymətlər yenidən müzakirə mövzusuna çevrilib. Sosial şəbəkədə paylaşdığı video ilə diqqət çəkən bir turist gündəlik yemək və nəqliyyat xərclərinin həddindən artıq bahalaşdığını bildirərək istirahətə gəlmək istəyənlərə xəbərdarlıq edib.

Referans MEDİA xəbər verir ki,  turistin sözlərinə görə, lüks restoranların bahalı olması təəccüblü deyil. Lakin adi qida məhsullarının qiymətləri də həddən artıq artıb. O bildirib ki, bir sendviçin qiyməti 670 TL, pomidorlu makaron 300 TL, kartof fri 375 TL, marketlərdə satılan limonlu dondurma isə 500 TL-yə təklif olunur. Hətta sadə bir tost üçün 500 TL ödədiyini deyən turist Alaçatıya gəldiyi ilk gün günorta saatlarına qədər 3 500 TL xərclədiyini söyləyib.

O, çimərlik klublarında da vəziyyətin fərqli olmadığını vurğulayıb. Bildirib ki, bir çox "beach club"da minimum 3 min TL xərcləmə limiti tətbiq edilir və bu məbləğə cəmi bir hamburger və bir qəhvə almaq mümkün olur.

Turist taksi xidmətləri ilə bağlı da narazılığını ifadə edib. Onun sözlərinə görə, taksimetrdə kilometrə görə tarif 66 TL göstərilsə də, təxminən 10 kilometrlik yol üçün ondan 1 200 TL tələb olunub. Bu səbəbdən Alaçatıya gələnlərə taksimetrə və qət edilən məsafəyə diqqət yetirməyi tövsiyə edib.

Sonda turist Antalya və Bodrumda qiymətlərin Alaçatı ilə müqayisədə daha münasib olduğunu bildirərək, "Alaçatıya gəlməyi planlaşdırırsınızsa, bir daha düşünün. Vəziyyət həqiqətən dəhşətlidir", – deyə fikrini ifadə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki