Kaliforniya süni intellekt sistemləri üçün fövqəladə söndürmə mexanizmi tələb edir

Kaliforniya qubernatoru Qavin Nyusom dünyanın ən inkişaf etmiş süni intellekt sistemləri üçün məcburi fövqəladə söndürmə mexanizminin hazırlanmasını nəzərdə tutan sərəncam imzalayıb.

Referans Media xarici mediaya istinadən xəbər verir ki, sərəncama əsasən, ekspertlərdən ibarət işçi qrupu süni intellekt sistemlərinin fövqəladə hallarda söndürülməsi ilə bağlı tövsiyələrini noyabrın 16-dək qubernatorluğa təqdim etməlidir.

Qərarın qabaqcıl süni intellekt modellərinin nəzarətli testlər zamanı söndürülmə əmrlərinə yüksək səviyyədə müqavimət göstərdiyini ortaya qoyan araşdırmalardan sonra verildiyi bildirilir.

İşçi qrupunun müzakirə edəcəyi tədbirlər arasında süni intellekt şirkətlərinin laboratoriyalarında müstəqil yoxlama qurumlarının fəaliyyət göstərməsi, təhlükəsizlik hesabatları və risk qiymətləndirmələrinin müstəqil şəkildə yoxlanılması, eləcə də ciddi təhlükəsizlik hadisələrinin tərifinin yenilənməsi yer alır.

Sərəncam çərçivəsində hazırlanan təkliflərin daha sonra qanunvericilik üçün ştat parlamentinə təqdim edilməsi gözlənilir. Bununla belə, yeni qaydaların ABŞ Prezidenti Donald Tramp administrasiyasının hüquqi etirazları ilə qarşılaşa biləcəyi qeyd olunur.

Son araşdırmalarda bəzi qabaqcıl süni intellekt modellərinin özlərini söndürməyə yönəlmiş əmrlərə müqavimət göstərə bildiyi də müəyyən edilib. Bu isə süni intellekt sistemlərinin təhlükəsizliyinə dair narahatlıqları artırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki