2027-ci ildə Azərbaycanda orta aylıq əməkhaqqının 1 288,3 manata, 2030-cu ildə isə 1 551,5 manata çatacağı proqnozlaşdırılır. Bəs bu artım hansı iqtisadi amillərlə bağlıdır? Əməkhaqqının yüksəlməsi inflyasiya və yaşayış xərclərinin artması fonunda əhalinin real gəlirlərinə və alıcılıq qabiliyyətinə nə dərəcədə təsir göstərəcək? Proqnozlaşdırılan artım vətəndaşların sosial rifahında nəzərəçarpacaq yaxşılaşma yaradacaqmı?
Referans Media-ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, 2027-ci ildən 2030-cu ilə qədər orta aylıq əməkhaqqında təqribən 40 faizdən çox artım gözlənilir.
O qeyd edib ki, orta aylıq əməkhaqqı ölkədə ümumi rifahın göstəricilərindən biri olsa da, real əməkhaqqı ilə sosial əhalinin alıcılıq qabiliyyətinin səviyyəsini tam müəyyən edən faktor deyil. Bu göstəricidən əsasən ümumi qiymətləndirmə məqsədilə istifadə olunur.
Ekspert bildirib ki, orta aylıq əməkhaqqının əvvəlki illə müqayisədə dəyişməsi indeks kimi qəbul edilir və həmin indeks əsasında növbəti ildə əməkhaqları, sosial müavinətlər, pensiyalar və digər ödənişlər artırılır. Bu baxımdan göstərici mühüm əhəmiyyət daşıyır.
Vüqar Orucun sözlərinə görə, əməkhaqqı artımının iqtisadi əsasları olmalıdır. 2027-ci ildə qeyri-neft sektorunun 4,4 faiz genişlənəcəyi gözlənilir. Bu, istehsalın və xidmətlərin artmasına, yeni iş yerlərinin yaradılmasına və əməkhaqqının yüksəlməsinə şərait yarada bilər.
O, investisiya qoyuluşlarının artmasının da əmək bazarına müsbət təsir göstərə biləcəyini vurğulayıb. Belə ki, 2026-cı ilin ilk 8 ayında əsas kapitala investisiyalar təqribən 10 faiz artıb. Bu tendensiya tikinti, nəqliyyat, sənaye və xidmət sahələrində əmək tələbatının yüksəlməsinə səbəb ola bilər.
Ekspert iqtisadiyyatın şaxələndirilməsinin də mühüm amil olduğunu bildirib. Qeyri-neft sektorunun ümumi daxili məhsulda payının 2030-cu ilə qədər 80 faizə çatdırılması hədəfi müəyyən edilib. Onun sözlərinə görə, bu məqsədin reallaşması vətəndaşların sosial vəziyyətində də özünü göstərə bilər.
Vüqar Oruc əməkhaqqı siyasətinin və minimum əməkhaqqının artırılmasının da ümumi göstəricilərə təsir etdiyini qeyd edib. Onun fikrincə, həm 2027-ci ildə, həm də növbəti illərdə minimum əməkhaqqının artırılması məqsədəuyğundur və dövlətin bu istiqamətdə müvafiq addımlar atacağı gözlənilir.
Ekspertin sözlərinə görə, 2027-ci ildə 2026-cı illə müqayisədə orta aylıq əməkhaqqının 8,7 faiz artacağı proqnozlaşdırılır. Ümumilikdə isə 2027–2030-cu illərdə əməkhaqqında təqribən 40 faizdən çox artım gözlənilir. Bu artımın minimum və orta aylıq əməkhaqqı göstəricilərinə də təsir edəcəyi ehtimal olunur.
O bildirib ki, proqnozlara əsasən, inflyasiyanın 2027-ci ildə 5,3 faiz, 2028-ci ildə 4,8 faiz, 2029-cu ildə 4,6 faiz, 2030-cu ildə isə 4,3 faiz olacağı gözlənilir. Bu isə əməkhaqqı artımı ilə yanaşı, qiymətlərin də yüksələcəyini göstərir.
Vüqar Oruc qeyd edib ki, əməkhaqları inflyasiyadan daha sürətlə artarsa, əhalinin real alıcılıq qabiliyyəti yüksələ bilər. Proqnozlara əsasən, 2027-ci ildə əhalinin real gəlirlərinin 3,5 faiz, 2028–2030-cu illərdə isə 3,7 faiz artacağı gözlənilir. Bu, ölkə iqtisadiyyatının böyüməsi baxımından da əhəmiyyətlidir.
Əhalinin alıcılıq qabiliyyətinə təsirdən danışan ekspert bildirib ki, ərzaq və gündəlik tələbat məhsulları əhalinin xərclərində əsas payı tutur. Bununla yanaşı, mənzil və kommunal xərclərin artması da ciddi problemlər yarada bilər.
O vurğulayıb ki, əsas məsələ yalnız əməkhaqqı artımı və inflyasiyanın hesablanması deyil, istehsalın genişləndirilməsi və milli valyutanın mövqeyinin möhkəmləndirilməsidir. Bu məqsədlə idxaldan asılılığın azaldılması və qeyri-neft sektorunda istehsal olunan məhsulların ixracının artırılması vacibdir.
Əməkhaqqı artımının inflyasiya və yaşayış xərcləri fonunda sosial rifahı nə dərəcədə yaxşılaşdıracağı məsələsinə toxunan Vüqar Oruc ümumi istiqamətin müsbət olduğunu bildirib. Onun sözlərinə görə, iqtisadi göstəricilərdə ciddi dəyişikliklər baş versə də, inflyasiya, ərzaq və qeyri-ərzaq məhsullarının, eləcə də xidmətlərin qiymətindəki artımlar əməkhaqqı yüksəlişinin əhalinin real alıcılıq qabiliyyətinə və sosial vəziyyətinə təsirini məhdudlaşdıra bilər.
Ekspert qeyd edib ki, bu problemlər təkcə Azərbaycana xas deyil, dünya iqtisadiyyatında da maliyyə böhranları və çətinliklər müşahidə olunur. Bununla belə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərə investisiyaların cəlb edilməsi, investisiya mühitinin əlverişli hala gətirilməsi və ölkəyə investisiya axınının artırılması hesabına iqtisadi artım tempini proqnozlaşdırılandan daha yüksək səviyyəyə çatdırmaq potensialı var.
Vüqar Oruc Azərbaycanın turizm, işğaldan azad edilmiş ərazilərdə sənaye və kənd təsərrüfatı sahələrində də böyük potensiala malik olduğunu vurğulayıb.
O bildirib ki, hökumətin qəbul etdiyi qərarlar yalnız proqnoz göstəricilərinə deyil, real iqtisadi vəziyyətə də əsaslanarsa, vətəndaşların gəlirlərinin artmasına xidmət edə bilər. Ekspert Azərbaycanın daha yüksək iqtisadi nəticələr əldə etmək potensialının olduğunu və qarşıdakı illərdə bunun şahidi olmağın mümkünlüyünü qeyd edib.
Gülnaz Abdullazadə
