Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin 2027-ci ildən 600 manatdan 1500 manata çatdırılması təklif olunur. Müavinətin 900 manat artırılması ailələrin sosial rifahının yaxşılaşdırılması və uşağın ilkin ehtiyaclarının qarşılanması baxımından müsbət addım kimi qiymətləndirilir. Lakin bu artımın ölkədə doğum səviyyəsinin yüksəlməsinə nə dərəcədə təsir göstərəcəyi və ailələr üçün yetərli olub-olmayacağı müzakirə mövzusudur.
Referans Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, doğum müavinətinin 600 manatdan 1500 manata qaldırılması ailələrin sosial müdafiəsi baxımından müsbət addımdır.
Onun sözlərinə görə, uşağın dünyaya gəlməsi ilə ailənin xərcləri də artır. İlk aylarda uşağa geyim, qida, uşaq bezləri, dərman və digər zəruri vasitələrin alınması ciddi maliyyə vəsaiti tələb edir. Müavinətin 900 manat artırılması xüsusilə aztəminatlı və gənc ailələrin bu xərclərinin müəyyən hissəsini qarşılamağa kömək edəcək.
Ekspert hesab edir ki, bu artımın doğum səviyyəsinə ciddi təsir göstərəcəyi gözlənilmir. Çünki ailələr uşaq sahibi olmaq qərarını yalnız doğum zamanı alacaqları birdəfəlik müavinətə əsasən vermirlər. Onlar daha çox gələcəkdə uşağın saxlanılması, təhsili, sağlamlığı, mənzil təminatı və ailənin ümumi maddi vəziyyəti barədə düşünürlər.
Bu baxımdan, 1500 manatlıq ödəniş müəyyən stimul yaratsa da, demoqrafik vəziyyəti dəyişmək üçün kifayət etməyəcək.
Akif Nəsirli qeyd edib ki, mövcud qiymətləri və yaşayış xərclərini nəzərə alsaq, 1500 manat uşağın dünyaya gəlməsi ilə bağlı bütün ilkin xərcləri qarşılamaq üçün yetərli məbləğ deyil.
Onun fikrincə, birdəfəlik müavinətin artırılması ilə yanaşı, uşağa görə aylıq ödənişlərin də yüksəldilməsinə ehtiyac var. Xüsusilə işləyən və işləməyən anaların sosial təminatının gücləndirilməsi, uşaq bağçalarının əlçatanlığının artırılması və gənc ailələrin mənzil problemlərinin həlli vacibdir.
Ekspert vurğulayıb ki, əsas məsələ ailəyə yalnız uşaq doğulduğu zaman deyil, onun böyüdüyü bütün dövr ərzində dəstək göstərilməsidir. Dövlət ailələrin üzərinə düşən sosial və iqtisadi yükü davamlı şəkildə azalda bilsə, bu, doğum səviyyəsinin yüksəlməsinə də daha real stimul yarada bilər.
Gülnaz Abdullazadə
