Azərbaycanda yeni tikilən yaşayış binalarında qazlaşdırmanın məhdudlaşdırılması ilə bağlı qərar ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub. Xüsusilə vətəndaşları maraqlandıran əsas məqam bu dəyişikliklərin köhnə binalara və hazırda istifadədə olan yaşayış komplekslərinə necə təsir edəcəyidir.
Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, yeni qaydalar yalnız bundan sonra inşa olunacaq binalara aid ediləcək.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin qəbul etdiyi qərar məhz yeni tikililərlə bağlıdır:
“Hazırda nə köhnə mənzil fonduna aid olan binalar, nə də bu qərara qədər inşa edilmiş yeni tikililər fərdi istilik sistemlərindən imtina etməyə məcbur deyil. Həmin binalarda qaz təchizatı və kombi sistemi əvvəlki qaydada fəaliyyət göstərəcək”.
Vüqar Oruc qeyd edib ki, dəyişikliklərin əsas məqsədi ekoloji vəziyyətin yaxşılaşdırılması və karbon emissiyasının azaldılmasıdır:
“Karbon emissiyasının artması ekoloji problemlərin yaranmasına səbəb olur. Bu emissiyalar həm böyük sənaye müəssisələrindən, həm də yaşayış binalarında istifadə olunan fərdi istilik sistemlərindən qaynaqlanır. Bu baxımdan binaların enerji səmərəliliyi və ekoloji təmizliyi baxımından yeni sistemə keçməsi vacib hesab olunur”.
Ekspert bildirib ki, enerji pasportu sistemi əsasən yeni tikililərə tətbiq olunacaq. Bununla belə, gələcəkdə qazdan istifadənin azaldılması istiqamətində təşviqedici qərarların qəbulu istisna edilmir:
“Hazırkı hüquqi şərait köhnə binalar və əvvəllər inşa edilmiş yeni tikililər üçün hər hansı məcburiyyət yaratmır. Amma gələcəkdə təşviq proqramları tətbiq edilə bilər ki, həm köhnə, həm də yeni binalar fərdi qaz isitmə sistemlərindən mərhələli şəkildə imtina etsin və elektrik enerjisi ilə işləyən istilik sistemlərinə üstünlük verilsin”.
Onun sözlərinə görə, alternativ enerji mənbələrinin geniş yayılması və yeni sistemlərin kütləvi xarakter alması gələcəkdə əlavə addımların atılmasına səbəb ola bilər:
“Ekoloji təmizliyin qorunması və karbon emissiyasının azaldılması məqsədilə gələcəkdə köhnə binalarda da müəyyən dəyişikliklər mümkündür. Lakin indiki qərar yalnız bundan sonra inşa olunacaq binalara şamil edilir və daha çox təşviq xarakteri daşıyır”.
Vüqar Oruc əlavə edib ki, zaman keçdikcə bina idarəediciləri və vətəndaşlar da yeni sistemlərə keçidə maraq göstərə bilərlər.
Gülnaz Abdullazadə
