Azərbaycanın qərbində, Gürcüstan və Ermənistan sərhədlərinin yaxınlığında yerləşən Tava-Təpə yaşayış məskənində tədqiqat aparan arxeoloqlar təxminən 3200 il yaşı olan ritual mətbəxinin qalıqlarını aşkar ediblər. Tapıntı Son Tunc dövründə Cənubi Qafqaz əhalisinin həyatı haqqında təsəvvürləri tamamilə dəyişir.
Referans Media xəbər verir ki, qazıntı işlərini beynəlxalq tədqiqatçılar komandası aparıb, bu barədə Kataniya Universiteti (İtaliya) məlumat yayıb.
Məlum olub ki, bu kompleks sadəcə məişətdə yemək bişirmək üçün istifadə edilməyib, həm də sakral mərkəz və qədim əhalinin müxtəlif qruplarının müntəzəm görüş yeri kimi xidmət edib.
Alimlər müəyyən ediblər ki, tikili bir neçə əsr ərzində, təxminən eramızdan əvvəl 1300-cü ildən 1000-ci ilə qədər eyni yerdə dəfələrlə yenidən inşa olunub. Hər yeni tikinti mərhələsi köhnə sobaları, keramikaları və qida qalıqlarını kipləşdirilmiş torpaq qatları altında etibarlı şəkildə qoruyub saxlayıb.
Tədqiq edilən ritual mətbəxi Qafqaz regionu üçün unikal tikilidir. Kompleksin mərkəzində tən ortasında böyük dairəvi ocaq olan, diametri təxminən 15 metr təşkil edən hündür gildən düzəldilmiş platforma yerləşirdi. Ocağın ətrafında iş zonaları və yemək bişirmək üçün sobalar yerləşirdi. Çoxsaylı dirək çuxurlarına əsasən, binanın taxta sütunlu möhtəşəm girişi və bütün kompleksi örtən samandan damı olub.
Mərkəzi binanın ətrafında arxeoloqlar döşəməsi sıxlaşdırılmış əhəngdaşından olan kiçik komaları, habelə köməkçi təsərrüfat meydançalarını təmizləyərək üzə çıxarıblar.
Sobalardan birinin içərisində alimlər ağzınadək küllə dolu küpələr və çoxsaylı keramik kasalar tapıblar. Qabların yerləşməsi göstərir ki, onlar atılmayıb, kompleksin növbəti yenidənqurulmasından əvvəl ritual ziyafətləri başa çatdıqdan sonra qəsdən yerində saxlanılıb.
Üzvi qalıqların analizi qədim ziyafət iştirakçılarının menyusunu bərpa etməyə imkan verib. Məlum olub ki, bu cür görüşlərdə əsas xörək mal əti ilə birgə təqdim olunan ballı darı sıyığı olub.
Qara mal, qoyun və donuz sümüklərinin qalıqları ilə yanaşı, tədqiqatçılar naxışlı gil möhürlər – pintaderalar da aşkar ediblər. Onlardan çörək və ya bişintilərin üzərinə ritual naxışlar vurmaq üçün istifadə olunub./Publika.az



