Bakı sakinlərinə CİDDİ XƏBƏRDARLIQ edildi – Axşamdan qar başlayır

Ölkə ərazisində son günlər qeyri-sabit hava şəraiti müşahidə olunur. Temperaturun kəskin enməsi və bəzi bölgələrdə intensiv qar yağışı gündəlik həyat üçün çətinliklər yaradır. Xüsusilə Bakıda əhali və sürücülər maraqlanır: bu sərt hava paytaxtımıza çatacaqmı?

Referans Media-ya açıqlama verən meteoroloq Cavidan Əliyev bildirib ki, bugün axşamdan Bakıda zəif sulu qar başlayacaq və sabah da fasilələrlə davam edəcək. Gecə və səhər saatlarında temperaturun 0 dərəcəyə yaxın olacağı gözlənilir. Meteoroloq qeyd edib ki, bu vəziyyətin səbəbi şimal-şərqdən daxil olan soyuq hava kütləsidir. Xəzər dənizi üzərindən keçən hava kütləsi bir qədər yumşalır və sürəti zəifləyir. Əgər soyuq hava daha sürətlə hərəkət etsəydi, temperatur daha kəskin soyuyardı.

Cavidan Əliyev həmçinin əlavə edib ki, qarın yerdə qalma ehtimalı azdır, yəni paytaxtda dərin qar örtüyü formalaşması gözlənilmir. O, əhaliyə rəsmi hava proqnozlarını izləməyi və xüsusilə gecə saatlarında soyuq hava və buzlanmaya qarşı diqqətli olmağı tövsiyə edib.

Beləliklə, Bakıda axşamdan başlayan sulu qar paytaxtı qısa müddətlik bəzəyəcək, lakin sürücülər və piyadalar üçün diqqətli olmaq vacibdir. Hava şəraitinə uyğun hərəkət edərək, həm öz təhlükəsizliyinizi, həm də ətrafınızdakıların təhlükəsizliyini təmin edə bilərsiniz.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki