Ermənistanın baş naziri Nikol Paşinyanın son brifinqdə səsləndirdiyi fikirlər İrəvanın sərhədlərin delimitasiyası və anklav kəndlərin qaytarılması məsələsində yenidən gərginlik yaratmaq istədiyini göstərir. Paşinyan müxalifətin Kərki kəndinin Azərbaycana qaytarılmasının yolverilməzliyi ilə bağlı tənqidlərinə cavab verərkən iddia edib ki, guya Kərki Ermənistanın beynəlxalq səviyyədə tanınmış 29 743 kvadratkilometr ərazisinə daxil deyil. O, “biz buna icazə verməyəcəyik” deyənləri müharibəni qızışdırmaqda ittiham edərək bildirib ki, kimsə Kərkinin Ermənistana aid olduğunu iddia edirsə, bu, ölkə ərazisinin 29 750 kvadratkilometr olduğunu deməkdir və həmin mövqe birbaşa müharibə elan etmək deməkdir. Baş nazirin bu sərt açıqlaması cəmiyyətdə haqlı olaraq suallar doğurur:
Paşinyanın bu müharibə xəbərdarlığı daxili auditoriyaya hesablanmış növbəti siyasi şoudur, yoxsa anklav kəndlərin dinc yolla həlli baş tutmasa, Azərbaycanın hərbi güc tətbiq etməsi real təhlükəyə çevrilir?
Referans Media bildirir ki, məsələ ilə bağlı NOCOMMENT.az-a açıqlama verən siyasi şərhçi Əli Əkbəroğlu qeyd edib ki, Nikol Paşinyanın Kərki ilə bağlı bu cür təhdidkar və sərt bəyanatlar səsləndirməsi onun daxili siyasi təzyiqlərdən qorxduğunun və revanşist qüvvələrin hücumlarını neytralllaşdırmağa çalışdığının əsas göstəricisidir:
"Paşinyanın 'Kərki Ermənistana aid deyil' deməsi və bunu müharibə təhlükəsi kimi təqdim etməsi ilk növbədə İrəvandakı daxili auditoriyaya və radikal müxalifətə hesablanıb. O, anklav kəndlərin qaytarılması prosesinin qaçılmaz olduğunu çox yaxşı başa düşür, lakin məsuliyyəti üzərindən atmaq üçün cəmiyyəti yenidən qorxutmağa üstünlük verir. Azərbaycan isə hər zaman beynəlxalq hüquqa və suveren ərazilərin bərpasına əsaslanan siyasət yürüdir. Kərki və digər işğal altında qalan anklavlarımız gec-tez öz sahibinə qayıdacaq və İrəvanın bu cür süni bəhanələrlə vaxt uzatmaq cəhdləri heç bir nəticə verməyəcək".
Ekspertin sözlərinə görə, Paşinyanın müharibə ritorikası sərhəddə vəziyyəti gərginləşdirmək məqsədi daşısa da, Azərbaycanın qətiyyətli mövqeyi qarşısında bu taktika uzunmüddətli ola bilməz:
"Əgər Ermənistan hakimiyyəti Kərki kimi strateji anklavların dinc yolla qaytarılması prosesindən boyun qaçırmağa çalışarsa və süni maneələr yaradaramsa, Azərbaycanın məsələni hərbi-siyasi yolla həll etmək hüququ tamamilə tanınır. Paşinyan 'müharibə olar' deyərək həm Qərbin diqqətini çəkməyə, həm də daxildəki radikallara mesaj verməyə çalışır. Lakin regionda sülhün bərqərar olması üçün işğal edilmiş bütün torpaqlar, o cümlədən anklavlar Azərbaycana qaytarılmalıdır və bu prosesin qarşısını heç bir populist bəyanat ala bilməz".
