Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyinin Təşviqi Platforması (AŞJMTTP) tərəfindən dərc olunmuş, Avropada mətbuat azadlığının vəziyyətinə dair 2025-ci il üzrə illik hesabatda Azərbaycanın media mühiti ilə bağlı birtərəfli və qərəzli mülahizələr yer alıb.
Maraqlıdır, bu cür qərəzli yanaşmaların səbəbi nədir?
Referans Media xəbər verir ki, Globalinfo.az-a danışan Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, media eksperti Müşfiq Ələsgərlinin sözlərinə görə, belə beynəlxalq təşkilatların, qlobal platformaların birbaşa missiyası başqadır:
“Onlar peşəkar media mühitini təhdid edən problemlərin həlli üçün səmərəli təkliflər verməli, həllinə nail olmalıdırlar. Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyinin Təşviqi Platforması da bu məqsədlə yaradılıb. Amma təəssüf ki, biz bu sahədə heç bir ciddi fəaliyyət və nailiyyət görmürük. Beynəlxalq jurnalist təşkilatları sanki şikəst edilib, heç bir funksiyalarını icra edə bilmirlər. Medianın qlobal risklərdən qorumaq üçün nə səmərəli təklifləri var, nə də effektiv addımları. Onlar ildə bir dəfə bəyanat və ya hesabat verməklə gündəmə gəlirlər. Yaşadıqlarını, fəaliyyət göstərməkdə davam etdiklərini sərgiləmək istəyirlər”.
M.Ələsgərli bildirib ki, Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyinin Təşviqi Platformasının Avropada mətbuat azadlığının vəziyyətinə dair 2025-ci il üzrə illik hesabatı da bu streotipin davamıdır:
“Hesabatda heç bir yenilik yoxdur. 5-10 il öncə hazırlanmış hesabatların mətni üzərində simvolik korrektələr ediblər, indi yenidən yayıblar. Həmin hesabat nəinki köhnə tezislərdən və tendensiyalardan ibarətdir, həm də qərəzlidir, qeyri-obyektivdir. Çox aydın şəkildə görünür ki, bu hesabat real arqumentlər əsasında deyil, qondarma faktlara istinadən hazırlanıb. Avropa Şurasının siyasi konyekturasını ehtiva edir. Avropa Şurasının Azərbaycanla mübahisəsi var. Bu mübahisəni ölkəmizə ləkə atmaqla, qisas almaqla həll etmək istəyir. Platformanın yaydığı hesabatda bu tendensiya çox aydın şəkildə görünür. Amma unutmasınlar ki, Azərbaycana təzyiq göstərməklə nəsə qazanmaq taktikası heç zaman effekt verməyib”.























