Baş nazir hər kəsin gözlədiyi qərarı imzaladı: Böyük dəyişiklik başlayır

Azərbaycanda 2060-cı ilədək “xalis sıfır emissiya” hədəfinə nail olunmasını nəzərdə tutan uzunmüddətli aşağıkarbonlu inkişaf strategiyası təsdiqlənib. Strategiyanın həyata keçirilməsi iqtisadiyyatın müxtəlif sahələrində karbon emissiyalarının azaldılmasını, əlavə maliyyə resurslarının cəlb edilməsini və yeni texnologiyaların tətbiqini tələb edir. Bu prosesin sahibkarlara, istehsal xərclərinə və istehlak qiymətlərinə mümkün təsirləri də diqqət çəkən məsələlərdəndir.

Referans Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bu keçid Azərbaycan üçün həm xərc, həm də fürsət deməkdir.

Onun sözlərinə görə, Dünya Bankının iqlim və inkişaf hesabatının layihəsində qeyd olunur ki, xalis sıfır emissiyaya keçidin yaradacağı əlavə iqtisadi xərcləri böyük ümumi faydalar üstələyir. Bu, əsasən neft və qazdan asılılığın azalması, enerji səmərəliliyinin artması və iqtisadiyyatın şaxələnməsi hesabına mümkün ola bilər. Eyni zamanda, hesabatın press-relizində deyilir ki, Azərbaycan Paris Sazişini imzalasa da, ölkə hələ öz milli hədəflərinə çatmaq trayektoriyasına qədəm qoymayıb. Yəni iş hələ əsasən qarşıdadır.

Akif Nəsirli qeyd edib ki, sahibkarlara və istehsal xərclərinə təsir qarışıq olacaq. Karbon qiymətləndirməsi tətbiq edilərsə, enerjiyönümlü sənaye sahələrinin, o cümlədən sement, metallurgiya, kimya və nəqliyyat sektorlarının xərcləri artacaq. Asiya İnkişaf Bankının hesabatına görə, 2030-cu il hədəfinə çatmaq üçün karbon qiyməti 2035-ci ilədək ton başına 25 dollara, xalis sıfır ssenarisində isə 2060-cı ilədək 280 dollara qədər yüksələ bilər. Bu, köhnə texnologiyalardan istifadə edən müəssisələr üçün ciddi yükdür.

Digər tərəfdən, onun fikrincə, günəş və külək enerjisi, elektrik nəqliyyatı, enerji auditi, yaşıl hidrogen və təkrar emal kimi sahələrdə yeni biznes imkanları yaranır. Erkən modernləşən şirkətlər həm xərclərə qənaət edəcək, həm də Avropa kimi karbon tələbləri olan bazarlara çıxış imkanlarını qoruyacaqlar.

İqtisadçı maliyyələşmə məsələsinə də toxunub. O bildirib ki, dövlət büdcəsi təkbaşına bu yükü daşıya bilməz. Beynəlxalq maliyyə qurumları güzəştli kreditlər, qrantlar və texniki yardım göstərə bilər ki, bu da riskləri azaldaraq özəl investorları cəlb edir. Özəl sektor isə bərpa olunan enerji layihələrinə, şəbəkənin yenilənməsinə və sənayenin modernləşdirilməsinə əsas sərmayəni qoymalıdır.

Akif Nəsirlinin sözlərinə görə, bunun üçün sabit qanunvericilik, şəffaf tariflər və yaşıl maliyyə alətləri, məsələn, yaşıl istiqrazlar vacibdir. Bu istiqamətdə Mərkəzi Bank, Biznesin İnkişafı Fondu və Bakı Fond Birjası yaşıl maliyyənin dəstəklənməsi ilə bağlı müzakirələrdə iştirak edir.

İqtisadçı istehlak qiymətlərinə mümkün təsirdən də danışıb. O qeyd edib ki, bu təsirin miqyası siyasətin necə qurulmasından asılıdır. Karbon qiymətinin tətbiqi və enerji tariflərinin yenidən qurulması elektrik enerjisi, yanacaq, nəqliyyat və tikinti materiallarının qiymətlərini qısa və orta müddətdə artıra bilər. Uzunmüddətli perspektivdə isə bərpa olunan enerjinin maya dəyərinin azalması və enerji səmərəliliyi bu təsiri yumşalda bilər.

Akif Nəsirli əlavə edib ki, bir çox ölkənin təcrübəsində qiymət artımının aztəminatlı ailələrə ağır təsir göstərməməsi üçün onlara hədəfli sosial dəstək verilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki