Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində yeni təşəbbüs həyata keçirilir. Avropa İttifaqının maliyyə dəstəyi ilə iki ölkənin jurnalistləri və media nümayəndələri sərhədin açılması, iqtisadi əməkdaşlıq və qarşılıqlı investisiya imkanlarını müzakirə edirlər.
Ermənistan Sənayeçilər və Sahibkarlar İttifaqının təşkilatçılığı ilə 12 günlük media tur keçirilir.
Proqramda Türkiyə və Ermənistandan hər biri yeddi nəfər olmaqla ümumilikdə 14 jurnalist və media mütəxəssisi iştirak edir.
Oktyabrın 12-də Türkiyədə başlayan səfər proqramı oktyabrın 18-dən Ermənistanda davam etdirilir. İştirakçılar sənaye müəssisələrinə baş çəkir, iki ölkənin iqtisadi potensialı ilə tanış olur, media qurumlarının redaksiyaları, qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələri ilə görüşlər keçirirlər.
Oktyabrın 22-də İrəvanda, “Avrasiya” Fondunun ofisində türkiyəli və erməni jurnalistlərin Avropa İttifaqının Ermənistandakı səfiri Vasilis Maraqos və Ermənistan Sənayeçilər və Sahibkarlar İttifaqının vitse-prezidenti Nerses Karamanukyanla görüşü baş tutub.
Görüşdə əsas müzakirə mövzularından biri Türkiyə–Ermənistan sərhədinin açılması olub. Jurnalistlər sərhədin mümkün açılış tarixləri, dəmir yolu və avtomobil nəqliyyatı infrastrukturunun fəaliyyətə başlaması üçün tələb olunan investisiyalar, eləcə də normallaşma prosesinin ləngiməsinin səbəbləri ilə maraqlanıblar.
Nerses Karamanukyan bildirib ki, türkiyəli jurnalistlər Ermənistanın istehsal müəssisələrinə səfərlərindən müsbət təəssüratlarla ayrılıblar. Onun sözlərinə görə, türkiyəli iştirakçılar sərhədin mümkün qədər tez açılmasını vacib hesab edir, bunu insanlar arasında əlaqələrin genişlənməsi və iki ölkənin müəssisələri arasında əməkdaşlığın inkişafı üçün fürsət kimi qiymətləndirirlər.
Həmin gün jurnalistlər İrəvandakı Karen Dəmirçyan adına İdman-Konsert Kompleksində keçirilən BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransının 17-ci sessiyası – COP17 çərçivəsində fəaliyyət göstərən “Yaşıl zona”nı da ziyarət ediblər.
İştirakçılar Ermənistan Sənayeçilər və Sahibkarlar İttifaqının stendində təmsil olunan şirkətlərin fəaliyyəti, biomüxtəlifliyin qorunması təşəbbüsləri və digər sərgi pavilyonları ilə tanış olublar.
Media turu çərçivəsində nəzərdə tutulan görüş və tədbirlərin oktyabrın 23-dək davam edəcəyi bildirilir.
Qeyd edək ki, “Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılmasına dəstək: sərhədyanı əlaqələrin gücləndirilməsi” proqramı Ermənistan Sənayeçilər və Sahibkarlar İttifaqı tərəfindən “Avrasiya” Fondu, Türkiyənin İqtisadi Siyasət Araşdırmaları Fondu (TEPAV) və Hrant Dink Fondu ilə əməkdaşlıq şəraitində həyata keçirilir. Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir.
Bununla belə, media turu çərçivəsində sərhədin açılması məsələsinin müzakirəsi hələlik konkret açılış tarixinin müəyyənləşdirildiyi anlamına gəlmir./Musavat.com
