Bərdədə jurnalist xəstəxanadakı səhlənkarlıqdan narazıdır– Bacısı tibbi yardım ala bilməyib

  Bərdə Rayon Mərkəzi Xəstəxanasında baş verən iddia edilən tibbi səhlənkarlıq cəmiyyətdə ciddi narazılıq yaradıb. Xəzər Televiziyasının Qarabağ üzrə bölgə müxbiri Şamxal Cəlil oğlu Adıgözəlovun sözlərinə görə, Bakı şəhərində ağır cərrahi əməliyyat keçirən bacısı Şamilə Adıgözəlova Bərdədə vaxtında tibbi yardım ala bilməyib.

Jurnalist sosial şəbəkədə etdiyi paylaşımda qeyd edib ki, bir neçə gün əvvəl əməliyyatdan çıxmış bacısının sarğısının dəyişdirilməsi üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasının Diaqnostika və Təcili Tibbi Yardım şöbəsinə müraciət edilib. Lakin növbətçi cərrah Eldar həkim və digər tibb personalı tərəfindən xəstəyə heç bir xidmət göstərilməyib.

“Anam məcbur olub sarğını özü dəyişdi”

Şamxal Adıgözəlov bildirib ki, xəstə bir neçə saat ərzində yardım ala bilmədiyi üçün vəziyyəti ağırlaşıb. Ailə üzvlərinin dəfələrlə müraciət etməsinə baxmayaraq, heç bir tibbi müdaxilə olunmayıb. Jurnalistin sözlərinə görə, məhz bu səbəbdən xəstənin anası sarğını özünün dəyişdirməsinə məcbur qalıb.

Rəsmi instansiyalara müraciət olunub

Ş. Adıgözəlov məsələ ilə bağlı artıq aidiyyəti dövlət qurumlarına o cümlədən Səhiyyə Nazirliyi, TƏBİB və digər əlaqədar orqanlara şikayət etdiyini bildirib. O, hadisəyə hüquqi qiymət verilməsini və məsul şəxslərin cavabdeh tutulmasını gözlədiyini deyib.Hazırda məsələ ictimai müzakirə predmetinə çevrilib. Sosial şəbəkələrdə mövzu ilə bağlı çoxsaylı istifadəçi Bərdə Rayon Mərkəzi Xəstəxanasında xidmət keyfiyyəti ilə bağlı narazılığını ifadə edir.Maraqlıdır ki, bu vaxta qədər nə Bərdə Rayon Mərkəzi Xəstəxanasından, nə Səhiyyə Nazirliyindən, nə də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məsələyə dair rəsmi açıqlama verilməyib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki