Yeni mövsüm hazırlıqlarını davam etdirən "Beşiktaş" hücum xəttini gücləndirmək üçün diqqətçəkən addım atıb. Türkiyə mətbuatında yayılan iddialara görə, İstanbul klubu Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasında çıxış edən Darvin Nunesin transferi ilə bağlı mühüm mərhələni geridə qoyub.
Referans Media xəbər verir ki, "Beşiktaş" uruqvaylı hücumçunun icarəyə götürülməsi üçün "Əl-Hilal"la razılıq əldə edib. İddialara görə, Səudiyyə klubu futbolçunun qara-ağlı komandaya keçidinə müsbət yanaşıb.
Klublar arasında razılaşmanın əldə olunmasından sonra əsas diqqət Darvin Nunes və onun nümayəndələri ilə aparılacaq danışıqlara yönəlib. Son detalların razılaşdırılacağı və tərəflər arasında anlaşma əldə olunacağı halda, 27 yaşlı hücumçu yeni mövsümdə "Beşiktaş" formasını geyinə bilər.
Darvin Nunes ötən mövsüm "Əl-Hilal"ın heyətində 24 rəsmi oyuna çıxaraq 9 qol vurub və 5 məhsuldar ötürmə edib. Uruqvaylı futbolçu 2025-ci ildə "Liverpul"dan 53 milyon avro qarşılığında Səudiyyə klubuna transfer olunmuşdu.
Nunesin "Əl-Hilal"la müqaviləsi 2028-ci ilə qədər qüvvədədir. Transferin rəsmi olaraq tamamlanması üçün futbolçu tərəfi ilə aparılan danışıqların nəticəsi gözlənilir.
