"Fənərbaxça"nın UEFA Çempionlar Liqasındakı rəqibi olan Avstriyanın "Şturm Qrats" klubu ölkə çempionatına xal itkisi ilə başlayıb. Qrats təmsilçisi Avstriya Bundesliqasının ilk turunda səfərdə "WSQ Tirol"la 1:1 hesablı heç-heçə edib.
Referans Media xəbər verir ki, Qarşılaşmada hesabı qonaq komanda açıb. "Şturm Qrats" 29-cu dəqiqədə polşalı hücumçu Şimon Vlodarçikin qolu ilə önə keçib. Lakin meydan sahibləri ilk hissənin sonlarında cavab veriblər. Maykl Olakigbe 42-ci dəqiqədə fərqlənərək hesabı bərabərləşdirib.
Oyunun böyük hissəsində üstün təsir bağışlamasına baxmayaraq, "Şturm Qrats" yaratdığı qol imkanlarından yararlana bilməyib və mövsümə cəmi bir xalla start verib.
Avstriya təmsilçisi növbəti oyununu UEFA Çempionlar Liqasının təsnifat mərhələsində keçirəcək. Komanda çərşənbə günü doğma meydanda "Fənərbaxça"nı qəbul edəcək. Liqada isə "Şturm Qrats"ı növbəti turda "Hartberq"lə səfər qarşılaşması gözləyir.
"Fənərbaxça" isə rəqibinin liqada xal itirməsindən sonra Çempionlar Liqası matçına yüksək motivasiya ilə hazırlaşır. Bu qarşılaşma hər iki komanda üçün mövsümün ən vacib sınaqlarından biri hesab olunur.
