Premyer Liqa nəhəngi Barış Alper üçün sərvət təklif etdi – "Qalatasaray" rədd cavabı verdi

"Qalatasaray"ın və Türkiyə millisinin üzvü Barış Alper Yılmaz Avropanın aparıcı klublarının diqqət mərkəzində qalmaqda davam edir. İngiltərə Premyer Liqa təmsilçisi "Everton"un 25 yaşlı futbolçu üçün ilk rəsmi təklifini İstanbul klubuna göndərdiyi iddia olunur.

Referans Media xəbər verir ki, "Everton" Barış Alper Yılmazın transferi üçün "Qalatasaray"a 35 milyon avro təklif edib. Lakin sarı-qırmızılı klub rəhbərliyi bu məbləği kifayət hesab etməyərək təklifi geri çevirib.

Bildirilir ki, "Qalatasaray" milli futbolçunun transferinə yalnız ən azı 50 milyon avro təklif olunacağı təqdirdə razılıq verməyi düşünür. Klub rəhbərliyi Barış Alperi komandanın əsas simalarından biri hesab edir və onu aşağı məbləğə buraxmaq niyyətində deyil.

Xəbərdə həmçinin qeyd olunur ki, futbolçunun mümkün transferi baş tutacağı halda, onun sabiq klubu "Keçiörengücü" də transfer məbləğinin 20 faizini əldə edəcək.

Barış Alper Yılmaz "Qalatasaray"a transfer olunduğu ilk dönəmdə əsas heyətdə möhkəmlənməkdə çətinlik çəksə də, baş məşqçi Okan Burukun rəhbərliyi altında böyük inkişaf mərhələsi keçib. Müxtəlif mövqelərdə uğurlu çıxışı ilə diqqət çəkən futbolçu son mövsümlərdə komandanın əvəzolunmaz oyunçularından birinə çevrilib.

Qeyd edək ki, hələlik nə "Everton", nə də "Qalatasaray" tərəfi transfer iddiaları ilə bağlı rəsmi açıqlama verməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki