ABŞ Hərbi Hava Qüvvələrinə məxsus yanacaq doldurma təyyarəsi havada xüsusi bir reaktiv təyyarə ilə toqquşmaqdan son anda xilas olub. Hadisə qeydlərində pilotun digər təyyarənin “həqiqətən çox yaxın” olduğunu bildirdiyi qeyd edilib.
CNN-in məlumatına görə, 12 dekabrda ABŞ-a məxsus sərnişin təyyarəsinin Venesuela yaxınlığında ABŞ Hərbi Hava Qüvvələrinə aid yanacaq doldurma təyyarəsi ilə toqquşma təhlükəsi yaşamasından cəmi bir gün sonra oxşar hadisə yenidən baş verib.
Hava hərəkətinə nəzarət dispetçerləri ilə aparılan danışıqların səs yazılarına əsasən, 13 dekabr tarixində Aruba–Mayami marşrutu üzrə uçan xüsusi reaktiv təyyarənin pilotu ABŞ Hərbi Hava Qüvvələrinə məxsus yanacaq doldurma təyyarəsi ilə “az qala toqquşduqlarını” bildirib. Qeydlərdə pilotun digər təyyarənin “son dərəcə yaxın məsafədə” olduğunu vurğuladığı yer alır.
CNN-ə açıqlama verən ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) rəsmiləri ard-arda baş verən bu hadisələrdən xəbərdar olduqlarını bildiriblər.
Xatırladaq ki, Venesuela sahilləri yaxınlığında yerləşən Kurasao adasından Nyu-Yorkdakı Con F. Kennedi (JFK) hava limanına uçan JetBlue aviaşirkətinə məxsus 1112 saylı reysin pilotunun 12 dekabrda hava hərəkətinə nəzarət xidməti ilə apardığı danışıqların qeydləri daha əvvəl yayımlanmışdı.
Həmin qeydlərə görə, pilot ABŞ Hərbi Hava Qüvvələrinə aid yanacaq doldurma təyyarəsi ilə “demək olar ki, toqquşduqlarını” bildirərək, hərbi təyyarənin birbaşa uçuş marşrutundan keçdiyini qeyd etmişdi.
