Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Sabirabad, Xaçmaz, Şamaxı, İsmayıllı və Şabran rayonları ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Referans Media xəbər verir ki, bu haqda Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Araşdırma zamanı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Sabirabad rayonu Muğanlı, Xaçmaz rayonu Qaradağlı, Şamaxı rayonu Günəşli, İsmayıllı rayonu Kürdmaşı kəndlərində, Qaraməryəm-İsmayıllı-Şəki magistral avtomobil yolunun 47-ci km-də və Şabran rayonu ərazisindən keçən magistral avtomobil yolunun kənarında ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 227 850 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
