“Bir nömrəli hərbi səfərbərlik” anlayışı son günlər ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib. Bu vəziyyətə keçid real müharibə riskinin artdığını göstərir, yoxsa mümkün təhlükələrə qarşı görülən preventiv təhlükəsizlik tədbiridir?
Referans Media-ya açıqlama verən hərbi jurnalist Səxavət Məmməd bildirib ki, qonşu ölkədə müharibə gedən zaman müharibəyə qoşulmayan dövlətlər də öz sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün bu cür addımlar atırlar.
Onun sözlərinə görə, Müdafiə Nazirliyinin belə qərar qəbul etməsi Azərbaycanın müharibəyə hazırlaşdığı və ya İranla müharibə edəcəyi anlamına gəlmir.
“Əgər qonşu ölkədə müharibə gedirsə, həmin müharibəyə qoşulmayan ölkə öz sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün mütləq şəkildə bu tip addımlar atır. Ona görə də Müdafiə Nazirliyinin bu addımı atması burada hansısa xüsusi bir səbəbin olması və ya müharibə riskinin artması anlamına gəlmir. Bu, əsasən təhlükəsizlik tədbiridir”, – deyə o qeyd edib.
Hərbi jurnalist bildirib ki, belə vəziyyətlərdə təxribat və ya provokasiya ehtimalı hər zaman nəzərə alınır.
“Çünki hər an təxribat baş verə bilər, hər an provokasiya baş verə bilər, hər an hansısa hadisə yaşana bilər. Bütün bunların qarşısını almaq üçün bu cür tədbirlərə ehtiyac var”, – deyə o əlavə edib.
Ekspert qeyd edib ki, Naxçıvana endirilən dron hücumundan sonra bu qərarın rəsmi şəkildə elan olunması təbiidir. Lakin bu kimi tədbirlər bir çox hallarda rəsmi açıqlama verilmədən də həyata keçirilir.
“Əslində belə məsələlər müharibə başlayan kimi, hətta elan olunmadan da həyata keçirilir və keçirilməlidir. Dünyanın harasında olmasından asılı olmayaraq, əgər belə hadisələr baş verirsə, bütün ordular mütəşəkkil şəkildə bu cür addımlar atır”, – deyə o bildirib.
Səxavət Məmməd xatırladıb ki, buna bənzər vəziyyət əvvəllər də yaşanıb. Onun sözlərinə görə, vaxtilə Rusiyanın Gürcüstanla müharibəsi zamanı Azərbaycan da Gürcüstan sərhədi istiqamətində ordunu gücləndirilmiş vəziyyətə gətirmişdi.
“Burada söhbət müharibə başlatmaqdan və ya müharibə etməkdən getmir. Hər bir dövlət öz ərazisini, ərazi bütövlüyünü və suverenliyini qorumaq məcburiyyətindədir. Ona görə də Azərbaycan tərəfinin bu tip addımlar atması normaldır”, – deyə hərbi jurnalist vurğulayıb.
O qeyd edib ki, bu proses əslində əvvəldən mövcud idi, sadəcə son hadisələrdən sonra rəsmi şəkildə elan olunub.
“Yəni düşünürəm ki, bu proses əvvəlcədən də var idi, sadəcə elan edildi. Müharibə başlayandan sonra, hətta müharibə başlamazdan əvvəl də bu tip addımlar atılır. Buna görə də bunun Azərbaycanın İranla müharibə edəcəyi anlamına gəldiyini şəxsən mən düşünmürəm”, – deyə Səxavət Məmməd əlavə edib.
Gülnaz Abdullazadə























