Bir xəstənin şikayəti hər şeyi dəyişdi: Həkimin hesabından milyonlar çıxdı

Türkiyənin Manisa şəhərində dövlət xəstəxanasında çalışan ortopediya mütəxəssisi S.E. xəstələrin əməliyyatlarını özü həyata keçirmək qarşılığında pul tələb etdiyi iddiası ilə həbs edilib. İstintaq çərçivəsində həkimin bank hesabları araşdırılarkən 51 xəstədən ümumilikdə 2 milyon 649 min 500 lirə köçürüldüyü müəyyənləşdirilib.

Referans Media xəbər verir ki, Manisa Cəlal Bayar Universitetinin Hafsa Sultan Xəstəxanasında çalışan ortopediya mütəxəssisi S.E. barədə Manisa Prokurorluğu tərəfindən araşdırma başladılıb. İstintaq zamanı həkimin 1 avqust 2025-ci ildən 30 aprel 2026-cı ilədək olan bank əməliyyatları araşdırılıb. Məlum olub ki, əməliyyat xərcləri Sosial Müdafiə Qurumu (SGK) tərəfindən qarşılanan 51 xəstə həkimin şəxsi hesabına müxtəlif məbləğlərdə pul köçürüb.

Bank qeydlərinə əsasən, köçürülən vəsaitlər 22 min lirə ilə 195 min lirə arasında dəyişib. 51 ayrı əməliyyat üzrə ümumi məbləğ isə 2 milyon 649 min 500 lirə təşkil edib.

Hadisə ilə bağlı araşdırmanın başlanmasına isə bir xəstənin şikayəti səbəb olub. Martın 19-da İ.G. adlı xəstə həkimin əməliyyatdan əvvəl ondan şəxsi bank hesabına 45 min lirə köçürməsini istədiyini bildirib. Şikayətdən sonra həkimin əvvəlki bank əməliyyatları da araşdırılıb və çoxsaylı pul köçürmələri müəyyən edilib. İstintaq materiallarına görə, bəzi xəstələrdən pul tələb edildiyi, ödəniş etməkdən imtina edənlərə isə əməliyyatın həkimin özü tərəfindən deyil, assistent həkimlər tərəfindən həyata keçirilə biləcəyi bildirildiyi iddia olunur.

Araşdırmanın diqqətçəkən məqamlarından biri də bank hesabında müəyyən edilən 2 milyon 649 min 500 lirənin həkimin əldə etdiyi iddia olunan bütün vəsaiti əhatə etməməsidir. İstintaq çərçivəsində xəstələrdən nağd şəkildə, yəni əldən alındığı ehtimal edilən pulların bu məbləğə daxil olmadığı bildirilib.

İstintaq çərçivəsində 30 zərərçəkənin ifadəsi alınıb. Bank əməliyyatları və digər sübutlar əsasında saxlanılan S.E. polis bölməsindəki prosedurlardan sonra məhkəməyə çıxarılıb. Şübhəli həkim dövlət vəzifəsindən istifadə edərək təzyiq yolu ilə haqsız qazanc əldə etməyi ifadə edən “icbar yolu ilə korrupsiya” ittihamı ilə həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.

Qeyd edək ki, hadisə ilə bağlı araşdırma davam edir və irəli sürülən ittihamlarla bağlı son qərarı məhkəmə verəcək.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki