Dünyada uşaqlar arasında ən çox rast gəlinən xəstəliklər sırasında pnevmoniya, diareya, malariya və vərəm xüsusi yer tutur. UNICEF-in məlumatına görə, bu xəstəliklər hər il milyonlarla uşağın sağlamlığına mənfi təsir göstərir, minlərlə uşaq isə məhz bu səbəblərdən həyatını itirib. Təşkilat bildirib ki, xüsusilə 5 yaşadək uşaqlar arasında pnevmoniya infeksion ölüm səbəbləri arasında liderdir. Bununla yanaşı, diareya, malariya və vərəm da bir çox ölkədə uşaq ölümlərinin əsas səbəblərindən biri olaraq qalıb. Hesabatda həmçinin uşaqlarda qidalanma problemlərinin həm qida çatışmazlığının, həm də artıq çəki və piylənmənin sürətlə artması ciddi risk kimi qiymətləndirilib.
Maraqlıdır, Azərbaycanda da uşaqlar arasında ən çox yayılan xəstəliklər sırasında bu xəstəliklərdir? Pnevmoniya, vərəm və digər yoluxucu xəstəliklərə qarşı effektiv peyvəndlər mövcuddurmu?
Referans Media xəbər verir ki , Sfera.az-a bu haqda açıqlama verən pediatr Elşən Tağıyev bildirib ki, Azərbaycanda uşaqlar arasında xəstəliklərin strukturu qlobal statistikadan qismən fərqlənir.
Onun sözlərinə əsasən, pnevmoniya və diareya xüsusilə 5 yaşadək uşaqlarda hələ də aktual problemlər sırasındadır:
“Vərəm uşaqlarda nisbətən nadir rast gəlinir və əsasən risk qruplarında müşahidə olunur. Malariya isə ölkədə praktik olaraq rast gəlinmir. Bununla yanaşı, kəskin respirator virus infeksiyaları, qulaq-burun-boğaz və bağırsaq infeksiyaları uşaqlar arasında ən çox görülən xəstəliklərdəndir”.
Mütəxəssisin sözlərinə əsasən, uşaqlarda ağır gedişli və ölümcül ola bilən bir çox yoluxucu xəstəliyə qarşı effektiv və təhlükəsiz peyvəndlər mövcuddur:
“Pnevmoniyanın qarşısının alınmasında pnevmokok və Hib peyvəndləri mühüm rol oynayır. Vərəmə qarşı BCG peyvəndi xəstəliyin ağır formalarından qoruyur. Diareyanın əsas səbəblərindən biri olan rotavirusa qarşı da peyvənd tətbiq olunur. Bundan əlavə, qızılca, göyöskürək, difteriya və poliomielit kimi xəstəliklərə qarşı peyvəndlər uşaqların sağlamlığının qorunmasında əsas vasitələrdəndir. Uşaqlarda bu xəstəliklərin qarşısının alınmasının ən effektiv yolu profilaktikadır. Milli peyvənd təqviminə tam və vaxtında əməl edilməsi əsas şərtdir. Ana südü ilə qidalanma, yaşa uyğun və balanslı qida rasionu immun sisteminin güclənməsinə kömək edir. Əl gigiyenasına riayət, təmiz içməli su və təhlükəsiz qida diareya və digər infeksiyaların riskini azaldır. Uşağın yaşadığı mühitin havalandırılması, siqaret tüstüsündən uzaq olması və xəstəlik əlamətləri zamanı vaxtında həkimə müraciət də çox önəmlidir”.
Həkimin fikirlərinə əsasən, nəticə olaraq Azərbaycanda uşaqlar arasında rast gəlinən yoluxucu xəstəliklərin böyük hissəsi peyvənd, düzgün qidalanma və sadə profilaktik tədbirlərlə qarşısı alına bilən xəstəliklərdir. Uşaqların sağlam gələcəyi üçün əsas yol məhz bu tədbirlərin ardıcıl və düzgün tətbiqindən keçir.























