Qurban bayramı ilə bağlı cəmiyyətdə müxtəlif yanaşmalar və yanlış anlayışlar müzakirə olunmaqdadır. Bəzi insanlar qurbanı yalnız müəyyən arzuların həyata keçməsi üçün “şərt” kimi qəbul edir, ilahiyyatçılar isə bunun ibadətin əsl mahiyyətindən uzaq yanaşma olduğunu bildirirlər.
Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən ilahiyyatçı Elşad Miri bildirib ki, “qurban” sözünün mənası Allaha yaxınlaşmaq deməkdir:
“Amma sual yaranır ki, Allaha yaxınlaşmaq üçün mütləq heyvan kəsilməlidir? Təbii ki, başqa yollar da var. Təəssüflər olsun ki, biz Quranda olmayan qurban bayramının bir ənənə olduğunu unuduruq. Çünki Allah Quranda heç bir zaman qurban kəsməyi əmr etmir. Bu, həmin dövrlərdə mövcud olan bir ənənə idi və günümüzə qədər gəlib çıxıb. İnsanlar da bunu özləri həyata keçirirlər”, – deyə o qeyd edib.
İlahiyyatçı vurğulayıb ki, qurban anlayışı təkcə İslamda deyil, tarix boyu müxtəlif xalqlarda və inanclarda da mövcud olub:
“Qurban anlayışı yəhudilikdə də var idi, başqa mədəniyyətlərdə də. Azteklərdə, mayalarda, aborigenlərdə belə bu ənənələr mövcud olub. Tarix boyu insanlar Tanrıya yaxınlaşmaq, qorxularını aradan qaldırmaq və ya müəyyən istəyinin həyata keçməsi üçün qurban təqdim etməyə çalışıblar”.
Elşad Miri bildirib ki, bu gün də bəzi insanlar qurbanı bir növ “şərt” kimi qəbul edir:
“Bizdə belə yanaşmalar var ki, oğlum universitetə qəbul olsun, bu qurbanı kəsəcəyəm və sair. Yəni insan Allaha sanki bir qarşılıq təklif edir. Amma bu, doğru yanaşma deyil. Allah Quranda deyir ki, insana şah damarından daha yaxındır. Əsas olan səmimiyyət, doğru əməl və məsuliyyətdir”.
Onun sözlərinə görə, insan yalnız dua edib nəticə gözləməməli, eyni zamanda əməl də etməlidir:
“İmtahana hazırlaşmadan yalnız dua etməklə uğur gözləmək necə absurddursa, eyni yanaşma burada da keçərlidir. İnsan əvvəlcə üzərinə düşəni etməlidir”, – deyə ilahiyyatçı əlavə edib.
Gülnaz Abdullazadə
