Azərbaycanda işləməyə davam edən pensiyaçıların pensiyalarının yenidən hesablanması prosesi avtomatik qaydada davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, artıq 1300-dən çox şəxsin pensiyası 6 illik iş stajı əsasında artırılıb.
Bəs bu mexanizm hansı pensiyaçılara şamil olunur və pensiya məbləği hansı qaydada hesablanır?
Referans Media bildirir ki, Globalinfo.az-a danışan iqtisadçı, deputat Vüqar Bayramov deyib ki, işləyən pensiyaçıların pensiya məbləği hər altı ildən bir yenidən hesablanaraq artırılır:
“Bu zaman altı il ərzində toplanmış pensiya kapitalı hesablanır və onun qanunvericiliyə uyğun hissəsi 72-yə bölünərək alınan məbləğ mövcud pensiyaya əlavə edilir. Yəni vətəndaş pensiya yaşına çatdıqdan sonra işləməyə davam edirsə, həmin müddətdə topladığı pensiya kapitalı hər altı ildən bir avtomatik şəkildə yenidən hesablanır və nəticədə pensiya məbləği artırılır. Bu baxımdan, 2020-ci ilin avqust ayında pensiya hüququ yaranmış və həmin vaxtdan işləməyə davam edən pensiyaçıların pensiya məbləğində növbəti ay artım olacaq. Çünki onların son altı ildə formalaşmış pensiya kapitalının qanunvericilikdə nəzərdə tutulan 90 faizi 72-yə bölünərək aylıq pensiyalarına əlavə ediləcək”.
Deputat qeyd edib ki, bu proses tam proaktiv qaydada, vətəndaşın hər hansı müraciətinə ehtiyac olmadan elektron sistem üzərindən həyata keçirilir:
“Bu isə həm şəffaflığın, həm də səmərəliliyin artırılmasına xidmət edir. Nəticədə işləməyə davam edən və pensiya kapitalı toplayan vətəndaşların pensiya məbləğlərində növbəti artımlar baş verir”.
