Bu telefonlar KƏSKİN BAHALAŞDI: Qiymət bir gecədə 400 manat qalxdı

"Samsung" şirkəti gözlənilmədən "Galaxy S26" seriyasına daxil olan smartfonların qiymətini artırıb.

Referans Media  "SammyFans" nəşrinə istinadən xəbər verir ki, bahalaşma "Galaxy S26", "S26+" və "S26 Ultra" modellərini əhatə edib.

İndi bəzi konfiqurasiyalar üçün 100-200 avro daha çox ödəniş tələb olunur. Qeyd edək ki, bu cihazlar satışa çıxarıldığı ilk gündən əvvəlki modellərlə müqayisədə daha baha idi.

Nəşrin məlumatına görə, Avropada 256 GB daxili yaddaşı olan bazis "Galaxy S26" modelinin yeni qiyməti 1100 avro, 512 GB versiyası isə 1300 avro təşkil edir. "Galaxy S26+" modelinin 256 GB versiyasının qiyməti 1350 avroya, 512 GB versiyası isə 1550 avroya qədər qalxıb.

"Galaxy S26 Ultra" modelində qiymətlər daha da yüksəkdir:

256 GB - 1550 avro

512 GB - 1750 avro

1 TB - 2150 avro

Beləliklə, flaqmanın ən üst konfiqurasiyası artıq 2000 avro psixoloji həddini geridə qoyub. Yalnız bir ay əvvəl təqdim edilən "Galaxy S26 FE" istisna təşkil edir – onun qiyməti hələlik dəyişməz qalır.

"Samsung" qiymət artımı ilə bağlı rəsmi bəyanat yaymayıb. İstehsalçı sadəcə rəsmi saytında smartfonların tövsiyə olunan satış qiymətlərini yeniləyib.

Media resurslarının məlumatına görə, bahalaşmanın əsas səbəblərindən biri ehtiyat hissələrinin – xüsusilə DRAM operativ yaddaşının, NAND flaş-yaddaşının və prosessorların qiymətinin sürətlə artmasıdır.

Avropadakı bahalaşma digər bazarlardakı bənzər dəyişikliklərin ardınca baş verib. Məsələn, ABŞ-də demək olar ki, bütün konfiqurasiyaların qiyməti 100 dollar civarında artıb.

Şayiələrə görə, "Samsung" gələcək "Galaxy S27" seriyasının ilkin qiymətlərini planlaşdırılandan daha çox qaldıra bilar.

Bahalaşmanın müxtəlif model və versiyalara şamil olunacağı gözlənilir. "Galaxy S27" seriyasının rəsmi təqdimatı 2027-ci ilin əvvəlində - ehtimalla fevral ayında baş tutacaq.

Bir müddət əvvəl şəbəkədə yenilənmiş dizayna malik "Galaxy S27 Ultra" modelinin fotoları nümayiş olunmuşdu. "Galaxy S27 Pro" haqqında sızan yeni məlumatlar isə bu modelin 2027-ci ildə "Samsung"un ən maraqlı flaqmanı və istifadəçilərin əksəriyyəti üçün daha rasional seçim ola biləcəyinə işarə edir.

Attachment


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki