“Olimp Hospital”da əməliyyat olunan 44 yaşlı kişi öldü

Bir neçə gün əvvəl Bakı şəhər Yasamal rayonunda yerləşən “Olimp Hospital”da əməliyyat olunan Şəmkir sakini qəfil vəfat edib.

Referans Media iqtisadiyyat.az-a istinadən xəbər verir ki, Şəmkir rayon Dəllər qəsəbə sakini 1982-ci il təvəllüdlü Eynur Səfərov bu özəl klinikada əməliyyat olunub.

Xəstəxanada onun səhhətinin normallaşdığı bildirilərək evə buraxılıb. Şəmkirə gedən 44 yaşlı şəxs orada özünü pis hiss edib və yaxınları tərəfindən rayon mərkəzi xəstəxanasına çatdırılıb. Lakin az sonra vəfat edib.

Sayt məsələ ilə bağlı “Olimp Hospital”ın mövqeyini öyrənmək üçün klinikaya sorğu ünvanlasa da, heç bir cavab verilməyib.

TƏBİB-dən bildirilib ki, 1982-ci il təvəllüdlü şəxs (kişi) sentyabrın 29-u saat 22:40 radələrində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ağır vəziyyətdə hospitalizasiya olunub: “Ona dəqiqləşdirilməmiş mədə-bağırsaq qanaxması diaqnozu təyin edilib, zəruri tibbi xidmətlər göstərilib. Pasiyent aparılan reanimasiya tədbirlərinə cavab verməyib və sentyabrın 30-u saat 07:45-də bioloji ölüm faktı qeydə alınıb”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki