Payız aylarında kənd təsərrüfatı məhsullarının bazara daha çox həcmdə çıxarılması bəzi ərzaq məhsullarının qiymətlərində mövsümi dəyişikliklərə səbəb olur. Qarşıdakı aylarda isə ərzaq qiymətlərinə müxtəlif amillərin təsir edəcəyi gözlənilir.
Referans Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, payız aylarında kənd təsərrüfatı məhsullarının bazara daha çox həcmdə çıxarılması xüsusilə tərəvəz, meyvə və bəzi digər məhsulların qiymətlərində mövsümi ucuzlaşma yarada bilər. Lakin bu təsir bütün ərzaq məhsullarına eyni dərəcədə şamil olunmur.
Onun sözlərinə görə, qarşıdakı aylarda qiymətlərə əsas təsir edən amillərdən biri məhsulun maya dəyəri olacaq:
“Yem, gübrə, yanacaq, suvarma, elektrik enerjisi, logistika və digər xərclərin səviyyəsi istehsalçının bazara çıxardığı qiymətə birbaşa təsir edir.
Qış aylarına doğru mövsümi məhsulların azalması və anbarlarda saxlanılan məhsullara tələbatın artması da qiymətlərə təsir göstərə bilər. Saxlama xərclərinin yüksəlməsi və itkilərin çox olması xüsusilə kartof, soğan, meyvə-tərəvəz kimi məhsulların qiymətində əlavə təzyiq yarada bilər.
Ət və süd məhsullarında isə vəziyyət bir qədər fərqlidir. Burada heyvanların sayı, yem bazası, otlaq imkanları, yem və samanın qiyməti əsas amillər olaraq qalır. Yem xərclərinin artması heyvandarlıq məhsullarının maya dəyərini yüksəldə bilər.
İdxaldan asılı olan məhsullarda isə dünya bazarındakı qiymətlər, daşınma xərcləri və idxalın həcmi mühüm rol oynayacaq.
Bundan başqa, əhalinin gəlirlərinin və istehlak tələbinin dəyişməsi də qiymətlərə təsir göstərəcək. Qarşıdakı aylarda bayramlar və mövsümi tələbin artdığı dövrlər müəyyən ərzaq məhsullarında qiymət təzyiqini gücləndirə bilər.
Buna görə payızda ayrı-ayrı kənd təsərrüfatı məhsullarında ucuzlaşma müşahidə edilsə də, bunun ümumi ərzaq bazarında uzunmüddətli və genişmiqyaslı ucuzlaşmaya çevriləcəyini demək çətindir”.
Gülnaz Abdullazadə
