Türkiyənin məşhur iş adamı VƏFAT ETDİ - FOTO

İctimaiyyətdə “Kazino kralı” kimi tanınan, lüks hotel və kazino investisiyaları ilə bir dövrə damğasını vuran məşhur iş adamı Sudi Özkan dünyasını dəyişib.

 Referans Media xəbər verir ki, beynəlxalq lüks hotel və kazino şəbəkələrinin sahibi olan tanınmış sahibkarın vəfat səbəbi və dəfn mərasimi barədə hələlik rəsmi açıqlama verilməyib.

Bir müddətdir gözlərdən uzaq həyat sürən Özkan 1980-1990-cı illərdə Türkiyənin əyləncə və turizm sektorunun ən nüfuzlu simalarından biri olub.

O, idarə etdiyi çoxsaylı lüks hotel və kazinolarla ad çıxarmışdı.

Türkiyədə kazinoların qanunla qadağan edildiyi 1998-ci ilə qədər sektorun ən böyük nümayəndəsi olan Özkan, qadağadan sonra "Princess International Group" brendini təsis edərək fəaliyyətini xaricə yönəldib.

Məşhur iş adamı Belarus, Bolqarıstan, Gürcüstan, Şimali Makedoniya, Albaniya, Surinam və Karib dənizi hövzəsi ölkələri başda olmaqla, dünyanın bir çox dövlətində onlarca kazino və istirahət kompleksi istifadəyə verib.

Karyerası boyunca müxtəlif iddialarla gündəmə gələn Sudi Özkan 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində barəsində başladılan vergi yoxlamaları və məhkəmə işləri səbəbindən uzun müddət xaricdə yaşamaq məcburiyyətində qalıb. Sonrakı mərhələdə Maliyyə Nazirliyi ilə danışıqlar apararaq dövlətə olan vergi borclarını yenidən strukturlaşdıran Özkan, Türkiyə ilə olan hüquqi və maliyyə əlaqələrini yenidən qanuni müstəviyə oturtmuşdu./Musavat.com/

Attachment


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki