Məktəb bufetləri yenidən gündəmdə: məsuliyyət kimdədir?

Məktəblərdə şagirdlərin qidalanması ilə bağlı problem yenidən gündəmə gəlib. Gəncədə beş şagirdin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi məktəb bufetlərində satılan qida məhsullarına nəzarət məsələsini aktuallaşdırıb.

Referans Media  xəbər verir ki, Gəncə şəhərində yerləşən məktəblərdən birində təhsil alan 2017-ci il təvəllüdlü S.Abbasova, R.Tağıyeva, R.Kazımova, D.Əliyeva və N.Quliyeva zəhərlənmə diaqnozu ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər. Şagirdlərə hazırda tibbi yardım göstərilir. İlkin məlumata görə, onların məktəbin bufetindən aldıqları şirniyyatdan zəhərləndikləri ehtimal olunur.

Hadisə bir daha sual doğurur: məktəblərdə uşaqların qidalanmasına kim və necə nəzarət edir? Bufetlərdə satılan məhsulların keyfiyyəti, saxlanma şəraiti və istifadə müddəti necə yoxlanılır? Zəhərlənmə baş verdikdə məsuliyyət konkret olaraq kimin üzərinə düşür?

Elçin Əfəndi: “20-30 dəqiqə gecikməyə görə tələbələrə güzəşt edilməlidir”

Təhsil eksperti Elçin Əfəndi Musavat.com-a bildirib ki, məktəb bufetlərində yaranan problemlərin əsas səbəblərindən biri nəzarətin yetərli olmamasıdır. “Son zamanlar məktəb bufetlərində xoşagəlməz hallarla tez-tez rastlaşırıq. Bu problemin səbəbləri arasında bufetləri işlədən şəxslərin diqqətsizliyi və məsuliyyətsizliyi də var. Uşaqlara təqdim olunan qidaların hazırlanmasında bəzən günlərlə saxlanılmış yağlardan istifadə edilir və ya istifadə müddəti bitmiş ərzaqlar satışa çıxarılır. Nəticədə isə şagirdlər arasında zəhərlənmə halları baş verir”, – ekspert deyib.

Onun sözlərinə görə, problemin qarşısının alınması üçün məktəb bufetlərinin idarə olunması və onlara nəzarət mexanizmi yenidən nəzərdən keçirilməlidir:
“Düşünürəm ki, məktəb bufetlərinin idarə olunması Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək vahid bir quruma həvalə edilə bilər. Bu halda bütün məktəb bufetlərinə mərkəzləşdirilmiş nəzarətin həyata keçirilməsi mümkün olar. Hər hansı xoşagəlməz hal baş verdikdə isə aidiyyəti qurum və məktəb rəhbərliyi qarşısında konkret məsuliyyət məsələsi qoymaq mümkün olacaq”.

Elçin Əfəndi hesab edir ki, beynəlxalq təcrübədə məktəblilərin qidalanmasına xüsusi əhəmiyyət verilir: “Bir çox ölkələrdə şagirdlərin qidalanması məsələsinə çox həssas yanaşılır. Çünki məktəblilərin sağlamlığı cəmiyyətin gələcəyi baxımından mühüm məsələdir. Beynəlxalq təcrübədə ixtisaslaşmış qurumlarla əməkdaşlıq edilir, keyfiyyətli və təhlükəsiz ərzaqların məktəblərə çatdırılmasına müntəzəm nəzarət olunur. Arzu edirik ki, Azərbaycanda da şagirdlərin sağlam qidalanmasına bu səviyyədə diqqət yetirilsin”. Ekspertin fikrincə, məktəb bufetlərində nəzarətin gücləndirilməsi üçün aidiyyəti qurumlar tərəfindən təxirəsalınmaz addımlar atılmalıdır.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə Musavat.com-a bildirib ki, qida zəhərlənmələri ilə bağlı əsas problemlərdən biri belə halların səbəblərinin tam və obyektiv şəkildə müəyyənləşdirilməməsidir.
“Ölkəmizdə zəhərlənmə halları hər zaman mövcud olub. Yaxşı ki, media var. Çünki media olmasa, bir sıra problemlər ictimaiyyətə çatdırılmaya bilər. Hazırda ölkədə zəhərlənmələrin qeydiyyatı ilə bağlı problemlər var. İnsanlar zəhərləndikdə aidiyyəti qurumlara deyil, birbaşa səhiyyə müəssisələrinə müraciət edirlər. Mədələri yuyulduqdan sonra isə faktiki sübutların bir hissəsi itir və nəticədə zəhərlənmənin məhz hansı qidadan qaynaqlandığını müəyyən etmək çətinləşir”, – deyə o bildirib.

Zəhərlənmələr gizlədilir" – Eyyub Hüseynov faktları açdı — TodayPress.tv

E.Hüseynovun sözlərinə görə, qida təhlükəsizliyi sahəsində nəzarət mexanizmlərinin effektivliyi artırılmalıdır: “Xüsusilə kütləvi tədbirlər zamanı nəzarət mexanizmlərinin yetərli olmadığını düşünürəm. Məsələn, restoran sahibləri təqdim olunacaq qidalarla bağlı əsasən laboratoriya sənədlərinə diqqət yetirirlər. Rayonlarda keçirilən toy mərasimlərində isə onlarla çeşiddə qidadan yalnız bir neçəsinin laborator müayinəyə göndərilməsi halları ilə rastlaşırıq. Bu cür səthi yanaşma zəhərlənmələrin səbəblərinin müəyyənləşdirilməsini çətinləşdirir”.

AİB sədri hesab edir ki, sənaye üsulu ilə hazırlanan məhsullardan zəhərlənmə halları ilə bağlı dəqiq məlumatlar açıqlanmalı, məsul şəxslərin məsuliyyəti müəyyən edilməli və zərərçəkənlərin hüquqları qorunmalıdır.
“Zəhərlənmənin səbəbləri açıqlanmadıqca, məsuliyyətsiz tərəflər cəzalandırılmadıqca və zərərçəkənlərin hüquqları təmin olunmadıqca problem davam edə bilər. Təəssüf ki, bir sıra hallarda zəhərlənmənin səbəbi istehsalçıda və ya təchizatçıda deyil, istehlakçının özündə axtarılır. Məsələn, ev şəraitində hazırlanmış məhsullar və ya qidanın düzgün bişirilməməsi əsas səbəb kimi göstərilir”, – deyə E.Hüseynov vurğulayıb.

Eyyub Hüseynov məktəb bufetlərindəki vəziyyətə də toxunaraq burada şəffaf və daimi nəzarət mexanizminin yaradılmasının vacibliyini bildirib: “Məktəb bufetlərini idarə edənlərin məktəb rəhbərləri ilə müəyyən formada biznes münasibətlərində olması ilə bağlı cəmiyyətdə suallar var. Məktəb bufetləri üçün müəyyən standartlar mövcuddur və bəzi məhsulların orada satışına yol verilmir. Lakin bu sahədə ciddi şəffaflıq problemi müşahidə olunur”.

Onun fikrincə, valideyn komitələri də məktəblərdə qidalanma məsələsinə nəzarət prosesinə cəlb edilməlidir: “Valideyn komitələri bu prosesdə daha fəal iştirak etməlidir. Standartlara cavab verməyən qidaların satışına yol verilməməlidir. Eyni zamanda, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən məktəb bufetlərinə daimi və effektiv nəzarət mexanizmi yaradılmalıdır”.

AİB sədri məktəblilərin qidalanması ilə bağlı başqa bir problemə – tənəffüs zamanı yaranan vaxt məhdudiyyətinə də diqqət çəkib. “Böyük tənəffüs zamanı uşaqların qidalanmağa kifayət qədər vaxtı olmur. Bufetlərin qarşısında növbələr yaranır və uşaqların bir qismi vaxt çatışmazlığı səbəbindən qidalanmadan dərsə qayıdır. Dəfələrlə təklif etmişəm ki, məktəb dəhlizlərində təbii meyvələrin satıldığı avtomatlaşdırılmış cihazlar – vending aparatları quraşdırılsın. Uşaqlar kiçik məbləğ ödəməklə alma və digər meyvələri rahat şəkildə əldə edə bilərlər. Bu, eyni zamanda sahibkarlıq layihəsi kimi də həyata keçirilə bilər”, – deyə o bildirib.

E.Hüseynov hesab edir ki, məktəblilərin sağlam qidalanması məsələsində məsuliyyətin konkret bir qurumda cəmləşdirilməsi də müzakirə oluna bilər: “Sovet dövründə məktəblərin iaşə və təchizat məsələlərinə cavabdeh olan mərkəzləşdirilmiş qurumlar fəaliyyət göstərirdi. Sonradan bu strukturlar ləğv edildi. Məktəblilərin sağlam qidalanmasına cavabdeh olacaq analoji vahid qurumun yaradılması və məsuliyyətin konkret olaraq həmin quruma həvalə edilməsi məqsədəuyğun ola bilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki