Pensiyaların indeksasiya mexanizminin təkmilləşdirilməsi nəzərdə tutulur. Yeni qaydaya əsasən, pensiyanın orta aylıq əməkhaqqına qədər olan hissəsi tam indeksləşdiriləcək, bu məbləğdən yüksək olan hissəyə isə 0,2–0,5 əmsalları tətbiq ediləcək. Bəs bu dəyişiklik pensiya artımlarına və pensiya sisteminin dayanıqlılığına necə təsir göstərəcək? Yeni mexanizmin hansı müsbət nəticələri ola bilər?
Referans Media-ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, yeni indeksasiya mexanizmi diferensial yanaşmaya keçidi nəzərdə tutur.
Onun sözlərinə görə, hazırkı qaydada pensiyalar orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilir:
“Yeni mexanizmdə isə orta aylıq əməkhaqqına qədər olan hissənin tam indeksləşdirilməsi aşağı və orta məbləğli pensiyaların artımını qoruyacaq. Orta aylıq əməkhaqqından yuxarı olan hissəyə isə 0,2–0,5 əmsallarının tətbiqi ilə artım həyata keçiriləcək. Bu da həmin pensiyalarda artım tempinin nisbətən aşağı düşməsinə səbəb olacaq.
Mövcud dəyişikliyin mahiyyətini belə izah etmək olar ki, aşağı pensiyaların sosial dəstək baxımından artımı davam edəcək və onların artım tempi qorunacaq. Yüksək pensiyaların artım tempi isə diferensiallaşdırılacaq. Bununla da artım tempində müəyyən azalma baş verəcək ki, bu da pensiya sisteminin maliyyə dayanıqlılığının güclənməsinə gətirib çıxara bilər.
Mən düşünürəm ki, bu, sosial ədalət prinsipinin təzahürüdür və eyni zamanda bu prinsipin sığorta prinsipləri ilə balansının qorunmasıdır. Artıq yüksək pensiyalar üçün əsas məqsəd şəxsin nə qədər işləməsi və pensiya fonduna nə qədər vəsait toplaması olacaq. Əvvəl isə bu amil ikinci dərəcəli amil idi. Əsasən son əməkhaqqının miqdarı götürülürdü və bu da yüksək əmək pensiyasının alınmasına gətirib çıxarırdı.
Ümumiyyətlə, bu proses dövlət pensiya fondunun vəsaitlərinin sərf olunmasında müəyyən yeni mexanizmlərin yaranmasına səbəb olacaq və pensiya baxımından israfın, daha çox böyük xərclərin çəkilməsinin qarşısını alacaq. Aşağı həddə pensiya alan vətəndaşlarımızın artım tempinin qorunması isə onların hüquqlarının qorunması kimi qəbul olunacaq.
Yəni mən düşünürəm ki, bu, sosial ədalətin qorunduğu bir sistemdir. Təbii ki, burada hərbçilər, təhlükəli iş şəraitində çalışanlar və işlədikləri müddətdə böyük risklərlə üzləşən şəxslər ayrıca nəzərə alınmalıdır. Müdafiə Nazirliyinin tabeliyində olan qurumlarda, sağlamlıq üçün təhlükəli iş istiqamətlərində fəaliyyət göstərənlər üçün ayrıca istisnaların nəzərdə tutulması daha məqsədəuyğun olar və bu, ədalətin tam bərpası kimi qəbul edilə bilər”.
Gülnaz Abdullazadə
