Payız-qış mövsümünün yaxınlaşması ilə infeksiyaların qarşısının alınması, xüsusilə də onların ağır fəsadlarının minimuma endirilməsi üçün peyvəndləmə məsələsi yenidən aktuallaşır. Çünki patogen viruslar bəzi insanlarda yüngül simptomlarla keçsə də, uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəlikləri olan şəxslərdə pnevmoniya, tənəffüs çatışmazlığı və digər ciddi ağırlaşmalara səbəb ola bilir. Ağır hallarda xəstəxanaya yerləşdirilmə, hətta həyati risk də yarana bilər.
Qeyd edək ki, Azərbaycanda qripə qarşı vaksinlərin alınmasına 903 min manatdan çox vəsait ayrılıb. “Səhiyyənin Təminat Mərkəzi” Publik Hüquqi Şəxsi qripə qarşı peyvəndlərin satın alınması ilə bağlı müqavilə bağlayıb. Satınalma üzrə “EPİDBİOMED” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 903 290 manat məbləğində müqavilə imzalanıb. Bu, xəstəliyin mövsümi yayılmasına qarşı hazırlıq tədbirlərinin aparıldığını göstərir.
Səhiyyə Nazirliyi də qripdən qorunmada vaksinasiyanın əhəmiyyətini vurğulayır. Peyvəndin əsas məqsədlərindən biri yalnız yoluxma ehtimalını azaltmaq deyil, qripə yoluxduğu halda xəstəliyin daha ağır keçməsinin və ciddi fəsadların yaranması riskinin aşağı salmaqdır. Peyvənddən sonra immunitetin formalaşması isə təxminən iki həftə çəkir.
Bununla belə, cəmiyyətdə qrip peyvəndi ilə bağlı bir sıra suallar qalır. Peyvənd xəstəliyə yoluxmaqdan tam qoruyurmu, yoxsa əsas məqsəd qripin daha ağır keçməsinin qarşısını almaqdır? Vaksinasiya üçün ən uyğun vaxt nə zamandır? Xüsusilə uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəlikləri olan şəxslər qrip peyvəndinə nə dərəcədə ehtiyac duyurlar?
Referans Media xəbər verir ki, həkim-pediatr Vaqif Qarayev mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Bizdə “peyvənd” sözünü belə heç kəs eşitmək istəmir. Müxtəlif mifləri əslində özümüz formalaşdırmışıq, peyvənd öldürür, zəhərləyir, əlil edir və s. Amma kiçik bir araşdırma aparsaq, görərik ki, bu arqumentlərin heç biri öz təsdiqini tapmır.
Qripə gəldikdə isə, 6 aydan yuxarı uşaqlar qripdən qorunmaq üçün ildə bir dəfə – sentyabr-noyabr aylarında mütləq vaksinasiya olunmalıdırlar. Çünki payıza qədər beynəlxalq təşkilatlar hər coğrafi ərazidə qripin hansı ştamının yayıla biləcəyini araşdıraraq məlumat verirlər. Ona görə də payızda, sentyabr ayından başlayaraq qripdən qorunmaq üçün vaksinasiya aparılır. Xüsusilə uşaqlardan danışsaq, 6 aydan yuxarı uşaqlara ildə bir dəfə vaksin vurulmalıdır. Əgər uşaq ilk dəfə vaksin olunursa, bir ay ara ilə iki dəfə peyvəndlənməlidir. Yəni, əvvəllər heç peyvənd olunmayıbsa, bir ay intervalla iki dəfə vaksin vurulmalıdır”.
Həkim qeyd edib ki, peyvənd xəstəlikdən qoruyur: “Yoluxmanın daha ağır keçməsinin qarşısını alırmı? Bəli, alır. Peyvənd olunan uşaq sonradan qripə yoluxa bilərmi? Yoluxa bilər. İstənilən peyvənd 100 faiz qoruyucu deyil. Bu, həm vaksinin özündən, həm də insanın vaksinə verdiyi reaksiyadan asılıdır. Çox kiçik faiz aralığında immunitet formalaşmaya bilər və bu, bütün dünyada belədir.
Ona görə də uşaqları qripdən qorumaq üçün peyvənd olunmağa çağırıram. Ən çox da uşaq kollektivlərinə gedən – bağça və məktəb yaşlı uşaqlar mütləq peyvənd olunmalıdırlar. Uşağımızı qorumaq istəyiriksə, tibdə belə bir qayda var: yoluxucu xəstəlikdən qorunmağın birinci şərti, əgər onun peyvəndi varsa, mütləq vaksinasiya olunmaqdır. Digər gigiyena qaydaları isə sonradan gəlir və hər kəs bunlara riayət etməlidir. Lakin yoluxucu xəstəliyə qarşı peyvənd varsa, o mütləq olunmalıdır”.
