Xəbər verdiyimiz kimi, bu gün Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.
İclasda əvvəlcə Komissiyanın 11 dekabr 2025-ci il tarixli iclasının protokolu təsdiqlənib. Daha sonra VII çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qəzənfər İsmayıl oğlu Abdullayevin deputat mandatından məhrum edilməsinə köməklik göstərilməsi barədə ərizəsinə baxılıb.
Referans Media siyahını qeyd edir:
Ali Məclisin deputatı Qəzənfər Abdullayevin müraciəti qanunvericiliyə uyğun qaydada Mərkəzi Seçki Komissiyasında araşdırılıb və onun deputat mandatından məhrum edilməsi üçün qanuni əsasın olduğu müəyyənləşdirilib. Naxçıvan Mərkəzi Seçki Komissiyası Qəzənfər Abdullayevin ərizəsini nəzərə alaraq, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun müvafiq maddələrinə uyğun olaraq onun deputat mandatından məhrum edilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, deputat toxunulmazlığı ilə deputat mandatı eyni anlayış deyil. Səlahiyyət müddəti ərzində deputatın şəxsiyyəti toxunulmazdır. Bu o deməkdir ki, deputat səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma halları istisna olmaqla, cinayət məsuliyyətinə cəlb edilə, tutula bilməz. Onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə, axtarış və şəxsi müayinə həyata keçirilə bilməz. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanuna əsasən, deputatın deputatlıq səlahiyyətlərinin həyata keçirilməsinə maneçilik törətməyə görə məsuliyyət nəzərdə tutulur. Milli Məclis deputatlarının səlahiyyətləri onların öz səlahiyyətlərini daimi icra edə bilmədikləri və qanunda nəzərdə tutulmuş digər hallarda itirilir. Deputat cinayət başında yaxalanarsa, onun tutulması mümkündür. Belə halda onu tutan orqan dərhal Azərbaycan Respublikasının Baş Prokurorluğuna məlumat verməlidir. Deputat toxunulmazlığına yalnız Baş prokurorun təqdimatına əsasən Milli Məclisin qərarı ilə xitam verilə bilər. Lakin deputat toxunulmazlığına xitam verilməsi hələ onun deputat mandatını itirməsi demək deyil. Toxunulmazlığın aradan qaldırılmasından sonra həmin şəxs deputat kimi fəaliyyətini davam etdirə bilər. Məsələn, qanunda nəzərdə tutulan qaydada Milli Məclisin iclaslarında və üzvü olduğu komitələrin iclaslarında iştirak edə bilər.
Deputatın səlahiyyətlərinə xitam verilməsi isə ayrıca hüquqi prosedurdur. Bu baxımdan toxunulmazlığın ləğvi ilə mandatın ləğvini eyniləşdirmək olmaz.
Bəs indiyədək deputat mandatından məhrum edilən və ya deputat səlahiyyətlərinə xitam verilən şəxslər kimlərdir?
Milli Məclisin deputatının toxunulmazlığına xitam verilən hallardan biri Eldəniz Səlimovla bağlı olub. 2021-ci ilin iyulunda Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq edilməsi ilə bağlı Baş Prokurorluqda cinayət işi başlanıb. Eldəniz Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham olunub. Bundan sonra Baş prokuror onun deputat toxunulmazlığına xitam verilməsi üçün Milli Məclisə təqdimat göndərib. Milli Məclis 3 avqust 2021-ci ildə Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi barədə qərar qəbul edib. Sonrakı mərhələdə cinayət işi məhkəməyə göndərilib və Eldəniz Səlimov barəsində hökm çıxarılıb.
2019-cu ildə V çağırış Milli Məclisinin deputatı Rafael Cəbrayılovun deputat mandatına xitam verilib.
Mərkəzi Seçki Komissiyasının həmin il 16 sentyabr tarixli qərarında onun deputat mandatından məhrum edilməsi məsələsinə baxılıb. MSK-nın qərarına əsasən, Rafael Cəbrayılov deputat mandatından imtina ilə bağlı Milli Məclisə müraciət edib və bunun əsasında onun mandatına xitam verilib.
Rafael Cəbrayılovla bağlı daha əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmış, daha sonra ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdi. R.Cəbrayılov 2021-ci ilin sentyabrında Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində koronavirusdan vəfat edib.
Asəf Hacıyevin deputatlıq fəaliyyətinə 2015-ci ildə xitam verilib. O, 9 dekabr 2014-cü ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi seçildikdən sonra deputat səlahiyyətlərinə xitam verilməsi üçün MSK-ya müraciət edib. MSK 2015-ci ilin yanvarında onun deputat səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul edib.
Gülər Əhmədova da deputat mandatından könüllü imtina edən keçmiş deputatlardandır.
O, deputatlıqdan imtina etməsi barədə müraciətini Mərkəzi Seçki Komissiyasına göndərib və 2012-ci ildə onun deputat mandatına xitam verilib. Bundan əvvəl, 2012-ci ilin sentyabrında Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Gülər Əhmədova ilə bağlı yayımlanan videoçəkilişlər hüquq-mühafizə orqanlarında araşdırılıb. Araşdırma nəticəsində onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıb və barəsində həbs qətimkan tədbiri seçilib. 2014-cü ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Gülər Əhmədovaya 3 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Keçmiş deputat Hüseyn Abdullayevin adı da deputat mandatı ilə bağlı belə halların siyahısında yer alır.
O, 2005-ci ildə Milli Məclisə deputat seçilib. 2007-ci ilin martında Milli Məclisin iclasında hökumətin illik hesabatının müzakirəsi zamanı Hüseyn Abdullayevlə Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı arasında (9 fevral 2026-cı ildə vəfat edib - red.) fiziki qarşıdurma baş verib. Bundan sonra Baş prokurorun təqdimatı əsasında Milli Məclis Hüseyn Abdullayevin deputat toxunulmazlığına xitam verilməsi və cinayət məsuliyyətinə cəlb edilməsinə icazə verilməsi barədə qərar qəbul edib. Milli Məclisin həmin iclasının stenoqramında da konkret olaraq toxunulmazlığa xitam verilməsi məsələsinə baxıldığı qeyd olunur.
Hüseyn Abdullayev daha sonra həbs olunub və həmin il məhkəmə qərarı ilə 2 il şərti cəza alaraq azadlığa buraxılıb. 2010-cu il parlament seçkilərində yenidən namizədliyini irəli sürsə də, namizədliyi qeydə alınmayıb.

