Azərbaycan-Ermənistan sülhündə YENİ MƏRHƏLƏ: İndi bütün gözlər İrəvana çevrildi

Azərbaycan Prezidentinin köməkçisi – Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı dəyişikliklərin edilməsini yekun sülh sazişinə doğru “son addım” kimi qiymətləndirib. Bu dəyişikliklərin həyata keçirilməsi Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanması və münasibətlərin normallaşması baxımından mühüm amil hesab olunur.

Bəs Ermənistan Konstitusiyasında nəzərdə tutulan dəyişikliklər sülh prosesinin yekunlaşmasına və iki ölkə arasında münasibətlərin normallaşmasına necə təsir göstərə bilər?

Referans Media-ya açıqlama verən politoloq Aydın Quliyev bildirib ki, Ermənistan Konstitusiyasının dəyişdirilməsi yekun sazişin imzalanmasına doğru sonuncu böyük maneədir.

“Həqiqətən, Ermənistan Konstitusiyasının dəyişdirilməsi yekun sazişin imzalanmasına doğru sonuncu böyük maneədir. Əgər bu maneəni də aşa bilsək, Azərbaycan-Ermənistan sülh sazişinin qəti imzalanmasının şahidi olacağıq. Çox yaxşıdır ki, Azərbaycanın bununla bağlı mövqeyi aydın və dəqiq ifadə olunur.

Burada mürəkkəblik, manipulyasiyalara yer saxlamaq və s. kimi əlamətlər yoxdur. Dünya birliyi dövlətləri də hər hansı kürsüdə bu səsləndiriləndə Azərbaycanın mövqeyinin aydın olduğuna bir daha əmin olurlar. Hikmət Hacıyevin söylədiyi bu fikir Azərbaycanın bununla bağlı dəqiq ifadə olunmuş, mübahisəsiz mövqeyini ifadə edir.

Az əvvəl BMT kürsüsündə də Azərbaycan heyəti sülh sazişinin imzalanması yolunda ən böyük və sonuncu maneənin Ermənistan Konstitusiyasının dəyişdirilməsindən ibarət olduğunu təqdim etdi. Bu, sülh sazişinin imzalanmasına doğru hansı məsafənin qaldığı barədə dünyada fikir yaratmaq baxımından olduqca əhəmiyyətli məsələdir. Bir daha Azərbaycanı dünyaya təqdim edir ki, Azərbaycan sazişin imzalanmasında həqiqətən maraqlı bir ölkədir.

Buna görə də bu sazişin imzalanması yönündə Ermənistan Konstitusiyasının dəyişməsinə Azərbaycan xüsusi önəm verir. Təəssüf ki, Ermənistanın baş naziri parlamentdəki səsvermədən sonra sazişin imzalanmasını Ermənistan hakimiyyətinin xarici siyasətinin əsas prioriteti elan etməsinə baxmayaraq, bu yöndə hələlik praktik addımları görmürük.

Biz bunun əvəzində Ermənistanın daxili həyatında sülh sazişinin imzalanmasına ciddi maneçilik törədən müəyyən siyasi amillərin qarşısının alınması yönündə işlərin şahidi oluruq. Kilsə ilə qarşıdurma səhnələrini görürük, qondarma “Artsax”ın Ermənistanda öz fəaliyyətini dirçəltmək cəhdlərinə qarşı mövqelər ifadə olunur.

Amma Konstitusiyanın dəyişməsi yönündə, təəssüf ki, Ermənistanın baş nazirinin dediklərindən sonra Ermənistandan praktik addım görməmişik. Ona görə Hikmət Hacıyevin bu fikri həm də Ermənistan rəhbərliyini, nəhayət, Konstitusiya dəyişikliyini real şəkildə keçirmək üçün konkret addımlara təşviq etmək, çağırış etmək mövqeyi idi və əhəmiyyətli mövqedir”.
Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki