Fransa millisinin baş məşqçisi Zinədin Zidan İtaliya ilə qarşılaşma öncəsi 2006-cı il Dünya Kubokunun finalında Marko Materatsi ilə yaşadığı qalmaqallı hadisə barədə açıqlama verib.
Referans MEDİA xəbər verir ki, Futbolçu karyerasının son oyununda – 2006-cı il Dünya Kubokunun finalında İtaliyaya qarşı keçirilən görüşdə Materatsiyə baş zərbəsi endirdiyi üçün qırmızı vərəqə alan Zidan uzun illərdən sonra həmin anla bağlı susqunluğunu pozub.
Fransız mütəxəssis bildirib ki, həmin hadisədən sonra Materatsi ilə heç vaxt danışmayıb.
“Bu gündən sonra Materatsi ilə danışmadım. Etdiyim hərəkətlə fəxr etmirəm, bunu hər zaman demişəm. Amma eyni zamanda peşman da deyiləm. Bu, mənim karyeramın bir hissəsidir”, – deyə Zidan bildirib.
Futbol tarixinin ən istedadlı və uğurlu oyunçularından biri hesab olunan Zidan qeyd edib ki, onun karyerası yalnız həmin hadisə ilə yadda qalmamalıdır.
“Xoşbəxtlikdən karyeramda etdiyim hər şey bundan ibarət deyil. Müsbət və gözəl anlar da var və mən onları xatırlamağa üstünlük verirəm. Karyera yalnız möhtəşəm anlardan ibarət ola bilməz”, – deyə fransalı çalışdırıcı vurğulayıb.
Qeyd edək ki, 2006-cı il Dünya Kubokunun finalında Fransa və İtaliya arasında keçirilən qarşılaşma penaltilər seriyası ilə başa çatmış, İtaliya millisi tarixində dördüncü dəfə dünya çempionu olmuşdu. Həmin matçda Zidan isə əlavə vaxtda Materatsiyə başla zərbə vurduğu üçün meydandan qovulmuşdu.
