image-masin-bazaribackend

Cənubi Qafqazın maşın bazarı – Harda qiymətlər daha əlverişlidir?

Cənubi Qafqazın avtomobil bazarı daim alıcılar üçün əlçatanlığı ilə seçilib. Lakin son illərdə qəbul edilən qərarlar, ciddi struktur dəyişiklikləri, vergi siyasəti və logistika strategiyası regionun üç ölkəsi olan Azərbaycan, Gürcüstan və Ermənistan arasındakı maşın bazarı rəqabətini yeni müstəviyə daşıyıb. Eyni model avtomobilin Bakı, Tiflis və İrəvan bazarlarında on minlərlə manat fərqlə satılması regionda avtomobil ticarətinin artıq sadəcə bazar mexanizmləri ilə deyil, dövlətlərin vergi və gömrük siyasəti ilə formalaşdığını göstərir. Son illərdə tətbiq edilən yeni rüsumlar, güzəştlərin ləğvi və ekoloji tələblərin sərtləşdirilməsi həm alıcıların seçimlərinə, həm də idxalçıların strategiyasına birbaşa təsir edib.

Referans Media xəbər verir ki ,Sfera.az Cənubi Qafqazın üç əsas avtomobil bazarında yaranan qiymət uçurumunun səbəblərini araşdırıb.

Regionda heç bir ölkə nəhəng avtomobil istehsalçısı olmasa da, 2026-cı ilə qədər hər biri özünəməxsus bazar modelini formalaşdırıb. Azərbaycan yeni və hibrid modellərə yönəlmiş, lakin yüksək vergi yükü daşıyan “premium” bazar kimi tanınır. Gürcüstan regionun logistik “qapısı” və re-ixrac mərkəzi statusunu qoruyur. Ermənistan isə Avrasiya İqtisadi İttifaqı (Aİİ) daxilindəki xüsusi kvotalar hesabına “yaşıl bazar” seqmentində iddialı mövqeyə sahiblənib. Bu fərqlilik eyni model avtomobilin region daxilində bəzən iki dəfə fərqli qiymətə satılmasına gətirib çıxarıb.

Azərbaycan bazarında əsas trend hibrid avtomobillərin dominantlığıdır. Lakin qiymət artımının əsas səbəbi idxal və vergi siyasətindəki dəyişikliklərdir. Qeyd edək ki, hibrid avtomobillərə tətbiq olunan ƏDV güzəşti (istehsal tarixi 3 ildən və mühərrik həcmi 2500 kubsantimetrdən çox olmayan) uzun müddət bazarı stimullaşdırsa da, 2026-cı ilin əvvəlindən tətbiq edilən yeni tənzimləmələr və bəzi güzəşt müddətlərinin yekunlaşması qiymət artımını qaçılmaz edib. Belə ki, 2026-cı il yanvarın 1-dən etibarən Azərbaycanda hibrid və “plug-in” hibrid avtomobillərə tətbiq edilən vergi güzəştləri ləğv olunub. Güzəşt mexanizmi bir il müddətinə qüvvədə olacaq. Bundan başqa, istehsal buraxılış tarixindən 7 ildən çox vaxt keçmiş nəqliyyat vasitələrinin idxalı zamanı hesablanan aksiz vergisi əmsalları da optimallaşdırılacaq.

Hazırda idxal edilən bir çox hibrid modellərə 18 faiz ƏDV-nin tətbiqi və Vergi Məcəlləsinə edilən son dəyişikliklərlə mühərrik həcminə görə aksiz dərəcələrinin optimallaşdırılması xərcləri yüksəldib. Xüsusilə həcmi 2.0 litrdən böyük mühərrikli avtomobillərin idxal xərcləri artıb. Məsələn, hazırda Bakıda “Toyota Camry” (2.5 Hybrid) modelinin 2020-2025-ci illər üzrə satış qiyməti 45 000 – 80 000 manat arasında dəyişir ki, bu da regionda ən yüksək göstəricidir. Bu addımlar avtomobil parkının yenilənməsinə hədəflənsə də, Azərbaycanı regionun ən bahalı bazarına çevirib.

Gürcüstan hələ də regionun ən ucuz bazarı titulunu saxlayır, lakin rəsmi Tiflis də ekoloji standartları sərtləşdirməyə başlayıb. Ölkə yaşı 10-dan (bəzi kateqoriyalar üzrə 6-dan) çox olan avtomobillərin idxalını məhdudlaşdıran və aksiz dərəcələrini mühərrik həcminə mütənasib şəkildə tənzimləyən qərarlar qəbul edib. Buna baxmayaraq, Gürcüstanda ümumi rəsmiləşdirmə xərcləri avtomobilin dəyərinin təxminən 10-15 faizi civarında qalır ki, bu da qonşu ölkələrlə müqayisədə kifayət qədər aşağıdır. Bazar müşahidələrinə görə, Gürcüstanda eyni 2.5 mühərrikli “Toyota Camry” modellərinin qiyməti istehsal ilindən asılı olaraq 30 000 manatdan başlayaraq 58 000 manata qədər yüksəlir. Bu, Azərbaycanla müqayisədə orta hesabla 15 000 – 25 000 manat qənaət deməkdir. Məhz bu fərq Gürcüstanın re-ixrac mərkəzi statusunu sarsılmaz edir.

Ermənistanda avtomobil qiymətləri birbaşa Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində tətbiq olunan gömrük rejimi ilə bağlıdır. Ölkənin elektromobillər üçün aldığı rüsumsuz idxal kvotası bu seqmentdə qiymətləri aşağı saxlayır. Lakin daxili yanma mühərrikli avtomobillərdə vəziyyət fərqlidir. Ermənistanda ABŞ və Avropadan gətirilən 2.5 mühərrikli “Camry” modellərinin ilkin alış qiyməti cəlbedici görünsə də, gömrük və Aİİ standartlarına uyğun qeydiyyat xərcləri əlavə olunduqda son qiymət 42 000 – 65 000 AZN aralığında formalaşır. İrəvanın əsas üstünlüyü yalnız elektrikli nəqliyyat vasitələrinə tətbiq edilən genişmiqyaslı vergi azadlıqlarıdır ki, bu da paytaxt küçələrində Çin və ABŞ istehsalı olan “elektrokarların” sayını kəskin artırıb.

Araşdırma göstərib ki, Cənubi Qafqaz vahid avtomobil bazarı deyil. Dövlətlərin fərqli iqtisadi prioritetləri bazarları kəskin şəkildə ayırıb. Bakı ən bahalı, lakin texnoloji baxımdan ən müasir və yeni parkı olan paytaxtdır. Tiflis regionun əsas logistik mərkəzi və “ucuz alternativ” ünvanıdır. İrəvan elektromobil əlçatanlığı və Aİİ kvotaları ilə fərqlənən spesifik bazardır. Görünən odur ki, yaxın illərdə bu qiymət fərqi azalmayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki