image-shipping-traffic-in-strait-of-hormuz-28-feb-credit-polestar-global-780x450backend

Çin: Müharibənin bütün Fars körfəzi regionuna yayılması narahatlıq doğurur

Çin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Zhai Cun bildirib ki, silahlı münaqişənin bütün Fars körfəzi regionuna yayılması Pekini ciddi narahat edir. Çin tərəfi dərhal atəşin dayandırılmasına çağırış edib.

Referans Media xəbər verir ki, Zhai Cun bu fikirləri Abu-Dabi şəhərinə səfəri zamanı BƏƏ Baş nazirinin müavini və xarici işlər naziri Abdullah bin Zayed Al Nahyan ilə görüşdə səsləndirib.

Çin nümayəndəsi bildirib ki, rəsmi Pekin regiondakı gərginliyin artmasını və müharibənin daha geniş ərazilərə yayılmasını diqqətlə izləyir.

“Çin tərəfi hazırda müharibə alovunun bütün Fars körfəzi regionuna yayılmasından dərin narahatlıq keçirir. Biz hesab edirik ki, körfəz regionunda yerləşən bütün ölkələrin suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyü hörmətlə qarşılanmalıdır. Mülki şəxslərə və hərbi olmayan obyektlərə qarşı hər hansı hücum qəti şəkildə pislənməlidir”, – deyə o bildirib.

BƏƏ xarici işlər naziri Abdullah bin Zayed Al Nahyan isə bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri silahlı münaqişənin tərəfi deyil və regionda sülhün qorunmasının tərəfdarıdır.

O qeyd edib ki, ölkəsi münaqişədə iştirak etmir və “hədəf alınmamalıdır”. Nazir həmçinin Çin tərəfinə BƏƏ ərazisində yaşayan Çin vətəndaşlarının və qurumlarının təhlükəsizliyinin təmin edilməsi üçün bütün zəruri tədbirlərin görüləcəyinə dair təminat verib.

Səfər çərçivəsində Zhai Cun həmçinin BƏƏ prezidentinin Çin üzrə xüsusi nümayəndəsi Khaldoon Al Mubarak ilə görüş keçirib. Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişafı və ikitərəfli münasibətlərin perspektivləri müzakirə olunub.

Çin tərəfi regionda gərginliyin artmasının qarşısını almaq və münaqişələrin diplomatik yollarla həllinə nail olmaq üçün beynəlxalq səylərin gücləndirilməsinin vacibliyini vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki