Finlandiya “dünyanın ən xoşbəxt ölkəsi” kimi tanınmasının yanında, güclü sivil müdafiə sistemi ilə də diqqət çəkir. Ölkənin paytaxtı Helsinki şəhərində yerləşən məşhur Merihaka yeraltı sığınacağı son günlərdə yenidən gündəmə gəlib.
Referans Media xəbər verir ki, yer səthinin onlarla metr altında yerləşən bu nəhəng kompleks qayalıqların içində inşa olunmuş “yeraltı şəhər” kimi tanınır. Günlük həyatda idman zalı və uşaq oyun sahəsi kimi istifadə edilən obyekt, fövqəladə hallarda tam sığınacaq sisteminə çevrilə bilir.
Məlumata görə, təxminən 71 min kubmetr həcmə malik olan sığınacaq 6 min nəfərə qədər insanı 72 saat ərzində qoruyacaq infrastruktura malikdir. Su ehtiyatları, yataq yerləri və enerji sistemləri qısa müddətdə aktiv vəziyyətə gətirilir.
Finlandiyada bu kimi onlarla böyük sığınacaq mövcuddur və onların bir hissəsi İkinci Dünya Müharibəsi dövründən sonra inkişaf etdirilən müdafiə strategiyasının davamı kimi istifadə olunur.
Bu sığınacaqlar Avropada artan təhlükəsizlik narahatlıqları fonunda yenidən diqqət mərkəzinə çevrilib.
