ABŞ-ın Tufts Universitetindən olan alimlər süfrə şəkərinə demək olar ki, eyni dada malik, lakin sağlamlığa təsiri xeyli az olan nadir bir şəkərin istehsalı üçün yeni üsul hazırlayıblar. Bu yenilik şəkərdən daha sağlam alternativ axtarışında mühüm addım hesab olunur.
Referans Media xəbər verir ki “Tagatoz” adlanan bu şirinləşdirici aşağı kalorili olması, qan şəkərinə minimal təsir göstərməsi, eləcə də ağız və bağırsaq sağlamlığına mümkün faydaları ilə diqqət çəkir.
Tagatoz nədir və harada rast gəlinir?
Tagatoz təbii halda süd məhsullarında (isitmə və ya fermentasiya zamanı), eləcə də alma, ananas və portağal kimi meyvələrdə mövcuddur. Lakin o, təbiətdə çox nadir hallarda tapılır. Meyvələrdə ümumi şəkərin cəmi 0,2 faizini təşkil etdiyi üçün birbaşa çıxarılması çətin və baha başa gəlir. İndiyədək mövcud istehsal üsulları həm səmərəsiz, həm də yüksək xərcli olub.
Bakteriyalar “şəkər fabrikası”na çevrilir
Cell Reports Physical Science jurnalında dərc olunan araşdırmada bildirilib ki, alimlər Escherichia coli bakteriyalarını genetik mühəndislik yolu ilə dəyişdirərək onları kiçik “istehsalçı”lara çeviriblər.
Cıvıq göbələkdən əldə edilən və “Gal1P” adlanan xüsusi ferment bakteriyalara ötürülüb. Nəticədə bakteriyalar bol tapılan qlükozanı 95 faiz səmərəliliklə tagatoza çevirə bilib. Ənənəvi üsullarda bu göstərici 40–77 faiz aralığında qalırdı.
Bahalı xammal olan qalaktoz əvəzinə qlükozanın istifadə edilməsi istehsalı iqtisadi baxımdan daha əlçatan edib.
Üstünlükləri nələrdir?
Şirinlik dərəcəsi süfrə şəkərinin 92 faizi qədərdir.
Yüksək intensivli şirinləşdiricilərdən fərqli olaraq, bişirmə və sobada hazırlama zamanı şəkər kimi karamelizə olur və məhsulun strukturunu qoruyur.
Süfrə şəkəri ilə müqayisədə təxminən 60 faiz daha az kalori ehtiva edir.
Nazik bağırsaqda yalnız qismən sorulduğu üçün qan şəkəri və insulin səviyyələrində çox cüzi artıma səbəb olur; bu xüsusiyyət diabet xəstələri üçün xüsusilə önəmlidir.
Diş çürüməsinə səbəb olan bakteriyaların çoxalmasını ləngidir, bağırsaqdakı faydalı bakteriyalar üçün isə probiotik təsir göstərə bilər.
Gələcək perspektiv
Alimlər bildirirlər ki, bu yeni biosintez strategiyası təkcə tagatozun deyil, digər nadir şəkərlərin istehsalında da inqilabi dəyişikliklər yarada bilər. ABŞ Qida və Dərman Administrasiyası (FDA) tərəfindən “ümumilikdə təhlükəsiz” (GRAS) kateqoriyasına daxil edilən tagatoz, yeni üsul sayəsində qida sənayesində daha geniş və münasib qiymətlərlə istifadə oluna bilər.
Gülnaz Abdullazadə.






















