Ər borcunu ödəmirsə, arvadın əmlakına da həbs qoyula bilər? – Açıqlama

Son illər borc öhdəliklərinin icrası ilə bağlı hüquqi mübahisələrin sayı artmaqdadır. Xüsusilə borclunun adına əmlakın və ya rəsmi gəlirin olmadığı hallarda icra tədbirlərinin həyat yoldaşının əmlakına və gəlirlərinə şamil edilib-edilməməsi, eləcə də boşanmanın bu prosesə təsiri hüquqi baxımdan aktual mövzulardandır.

Borclunun şəxsi öhdəliyi hansı hallarda həyat yoldaşının əmlakına və ya gəlirlərinə təsir göstərə bilər? Boşanma icra prosesinə hüquqi baxımdan maneə yaradırmı?

Referans Media bildirir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan vəkil Rəsul Cəfərov deyib ki, bu məsələ uzun illərdir müzakirə olunan və məhkəmə qərarlarının icrası sahəsində ən problemli istiqamətlərdən biridir:

“Azərbaycanda məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı müxtəlif statistik göstəricilər və rəsmi açıqlamalar var. Bu problem hələ də aktuallığını qoruyur. Borclunun öhdəliklərinin ailə üzvlərinin əmlakına təsiri məsələsinə gəldikdə isə qanunvericilikdə bununla bağlı müəyyən hüquqi mexanizmlər nəzərdə tutulub. Məsələn, ər-arvadın birgə nikah dövründə əldə etdiyi əmlak, kimin adına rəsmiləşdirilməsindən asılı olmayaraq, ümumi birgə mülkiyyət hesab edilə bilər”.

Vəkilin sözlərinə görə, əgər borclu ərdirsə və nikah dövründə əldə olunmuş daşınar və ya daşınmaz əmlak həyat yoldaşının adına rəsmiləşdirilibsə, bu, həmin əmlakın ümumi mülkiyyət statusunu dəyişmir:

“Belə hallarda borclunun ümumi mülkiyyətdəki payına məhkəmə qərarının icrası məqsədilə yönəldilmə mümkündür. Bu, qanunvericilikdə nəzərdə tutulan və hüquqi prinsiplərə uyğun yanaşmadır. Burada əsas meyar əmlakın birgə nikah dövründə əldə olunmasıdır”.

resul ceferov vekil

Rəsul Cəfərov

R.Cəfərov qeyd edib ki, boşanma faktı da borc öhdəliklərindən yayınmaq üçün hüquqi əsas yaratmır:

“Nikahın pozulması birgə mülkiyyət hüququnu avtomatik olaraq aradan qaldırmır. Əgər əmlak nikah dövründə əldə edilibsə, tərəflərin həmin əmlakdakı pay hüquqları saxlanılır və bu paylar boşanma zamanı və ya sonradan müəyyən edilə bilər. Borclunun payı müəyyən edildikdən sonra isə həmin hissəyə borcun ödənilməsi məqsədilə yönəldilmə mümkündür”.

Vəkil əlavə edib ki, praktikada bu cür işlər nəzəri baxımdan göründüyü qədər sadə olmur:

“Boşanmanın özü qısa müddətdə başa çatsa da, əmlak bölgüsü ilə bağlı məhkəmə mübahisələri illərlə davam edə bilər. Bununla belə, hüquqi baxımdan boşanma faktı birgə mülkiyyətdə olan əmlakın borclunun öhdəliklərinin icrasına yönəldilməsinə avtomatik maneə yaratmır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki