Marsda həyatın izlərinin olub-olmaması ilə bağlı araşdırmalar davam edir. Alimlər hesab edirlər ki, son kəşf Qırmızı planetin milyardlarla il əvvəlki mühiti haqqında yeni suallar yaradır.
Referans Media xəbər verir ki, NASA-nın Perseverance aparatı Mars səthinin bir neçə mikron altında yaxşı qorunmuş üzvi karbon aşkarlayıb. Nəticələr Science Advances jurnalında dərc olunan araşdırmada təsdiqlənib.
Tədqiqat zamanı Jezero kraterindəki süxurlar SHERLOC alətinin köməyi ilə lazer spektroskopiyası üsulu ilə analiz edilib. Mütəxəssislər mürəkkəb karbon atomlarından ibarət makromolekulyar karbon müəyyən ediblər. Bu maddə həyatın əsas kimyəvi quruluş elementlərindən biri sayılsa da, həm bioloji, həm də qeyri-bioloji proseslər nəticəsində yarana bilər. Buna görə də kəşf Marsda həyatın mövcudluğunun birbaşa sübutu hesab edilmir.
Araşdırma göstərib ki, üzvi karbon Mars səthinə indiyədək qeydə alınmış ən yaxın məsafədə qorunub saxlanılıb. Alimlər bunu həmin maddənin davamlı olması və ya ətrafındakı minerallar tərəfindən qorunması ilə izah edirlər.
Mütəxəssislərin fikrincə, bu tapıntı milyardlarla il əvvəl Marsdakı göl və çaylarda üzvi maddələrin daha geniş yayıldığını göstərə bilər. Bununla belə, Marsda nə vaxtsa həyatın olub-olmadığını dəqiq müəyyən etmək üçün toplanan nümunələrin Yerə gətirilərək daha müasir laboratoriyalarda araşdırılması vacib hesab olunur.
