“Bilirsiniz, o yardımsevərliyim necə yaranıb? Çünki həyatın çətin günlərini görmüşəm. Ona görə də sonradan yardım etməyi düşünmüşəm. Axı vaxtilə biz də o yardımları almışıq-qonşulardan, tanışlardan, ordan-burdan”.
Referans Media xəbər verir ki, bu sözləri "Space TV"nin verilişi olan "Zarafat Bir Yana" layihəsinin qonağı olan Kamil Zeynallı ona ünvanlanan suala cavab olaraq bildirib.
Onun sözlərinə görə, etdiyim yardımların 90 faizi də insanların dəstəyi ilə baş tutub:
“Geriyə baxanda deyirəm ki, o çətin günlərdə mən də həmin yolu keçmişəm. Bu, çox adamın həyatında olub. İndi biri deyir: “Peraşki satmışam”, biri deyir: “Ofisiant işləmişəm”. Mən də ofisiant işləmişəm, butulka yığıb satmışam, əlimdən gələn hər işi görmüşəm.
O kasıb vaxtlarda insanın beynində yalnız bir fikir olur: çörək qazanmaq. Mən köhnə İnqilab küçəsində, Sabit Rəhman küçəsində böyümüşəm. Günortalar araba götürüb məhəllələri gəzirdik. Məsələn, butulkaları bugünkü pulla desək, 10 qəpiyə alırdıq, gəlib 30 qəpiyə satırdıq. Axşamlar şadlıq evlərinə gedirdik.
Toy qurtarandan sonra arxa tərəfdə butulkalar yığılırdı, onları toplayıb səhər tezdən satırdıq. Səhər tezdən araba ilə bazara gedirdik. Rayonlardan avtobuslarla meyvə-tərəvəz gəlirdi. Bazarda yeri olan satıcılar malları seçib mənim arabama yükləyirdilər, mən də aparıb onların piştaxtasına boşaldırdım. Sonra yenidən qayıdıb eyni işi görürdüm.
Səhər saat 7–8 radələrində işimi bitirirdim, bir az dincəlir, yeməyimi yeyib dərsə gedirdim. Dərsdən çıxıb yemək yeyirdim, sonra idmana gedirdim. İdmandan qayıdandan sonra yenə yeşiyi götürüb butulka yığmağa çıxırdım”.
Kamil Zeynallı əlavə edib ki, bu gün o günləri xatırlayanda sevinirəm, hətta fəxr edirəm ki, halal zəhmətlə yaşamışam:
“Yaxşı ki, o çətinlikləri görmüşəm. Həyatın o üzünü gördüyüm üçün bu gün qazandığım pulun, malımın, dövlətimin qədrini bilirəm. Yadımdadır, fitrə verilən vaxtlar qonşuların çoxu fitrə yığıb bizə gətirirdi.
Qurban bayramında da gözümüz qonşuların qapısında qalırdı ki, bəlkə bizə də qurban əti gətirərlər. Sonra həyatım düzələndən, öz ayağımın üstündə durandan sonra mən də bunları etməyə başladım. Dostların, tanışların dəstəyi ilə qurban kəsib payladıq, fitrələr çatdırdıq, başqa yardımlar etdik. Bunların hamısı göz qabağındadır.
Hətta bu işlərin təşkilatçılığını da özüm etmişəm. Çünki o həyatı yaşamışam. Qarşımdakı insanın vəziyyətini, taleyini, nələr hiss etdiyini başa düşürdüm. Ona görə də bu işlərin içinə atılırdım. Amma bir müddətdən sonra geri çəkildim, öz işimlə məşğul olmağa başladım. Çünki yardım işi göründüyü qədər asan deyil, çox çətin işdir”.
