Rusiyalı müğənni Mariya Veber Natalya Podolskayaya verdiyi müsahibədə keçmiş həyat yoldaşı, iş adamı Parviz Yasinovun xəyanətini ağır keçirdiyini bildirib.
Referans Media -ın məlumatına görə, Veber deyib ki, boşanmadan sonra mənəvi cəhətdən özünə gəlməsi təxminən iki il çəkib. Müğənninin sözlərinə görə, onun üçün ən ağır məqam həyat yoldaşının “Tatu” qrupunun solisti Yuliya Volkova ilə münasibəti barədə xəbəri mətbuatdan öyrənməsi olub.
“Ən xoşagəlməz məqam isə bu xəbəri qəzetlərdən öyrənməyim idi. Son ana qədər məni aldadırdılar”, deyə sənətçi bildirib.
Veber qeyd edib ki, hazırda heç kimə qarşı kin saxlamır. Müğənni etiraf edib ki, bu hadisəni heç vaxt Yuliya Volkova ilə müzakirə etməyib. Onun sözlərinə görə, əvvəlcə bunu etmək istəməyib, indi isə artıq buna əhəmiyyət vermir.
Hazırda Mariya Veber keçmiş həyat yoldaşı ilə oğlu Oskarın xatirinə neytral münasibət saxlayır:
“Bizim münasibətlərimiz ortaq övladı olan valideynlərin klassik münasibətləridir. Onları isti münasibətlər adlandıra bilmərəm, amma normaldır. Oğlumuzu birlikdə böyüdürük, lazım gəldikdə birlikdə onu danlayırıq, hər hansı məsələni həll etmək və ortaq qərara gəlmək üçün əlaqə saxlayırıq".
