Yay mövsümündə Avropada meşə yanğınlarının miqyası sürətlə genişlənməkdə davam edir. İqlim dəyişikliyi və yüksək temperaturun təsiri ilə xüsusilə Aralıq dənizi ölkələrində yanğınlar daha böyük əraziləri əhatə edir.
Referans Media xəbər verir ki, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) hesabatına əsasən, İtaliyada bu yay baş verən meşə yanğınları nəticəsində təxminən 70 min hektar ərazi külə çevrilib. Bu, təxminən 100 min futbol meydançası böyüklüyündə sahəyə bərabərdir.
Hesabatda bildirilir ki, yanğınların təxminən üçdə biri qorunan təbiət ərazilərində baş verib. Son 20 ildə isə ölkədə meşə yanğınları nəticəsində məhv olan ərazilərin həcmi 133 faiz artıb.
WWF-in məlumatına görə, vəziyyət Avropanın digər ölkələrində daha ağırdır. Belə ki, İspaniyada 219 min hektar, Fransada isə 91 min hektar ərazi yanaraq məhv olub.
Hesabatda fikirlərinə yer verilən WWF-in Avropa İttifaqı üzrə meşələr proqramının rəhbəri Anke Şulmayster-Oldenhov qeyd edib ki, Avropa meşə yanğınları ilə mübarizə apararkən, iqlim və təbiətin qorunmasına yönəlmiş qanunvericiliyin daha da gücləndirilməsinə ehtiyac var.
