“ABŞ və İsrailin İrana qarşı savaşı Fars körfəzi, Yaxın Şərq, Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropaya qədər yayıla bilər. Bunun qarşısını almaq üçün sülh və sabitlik istiqamətində sona qədər mübarizə aparacağıq”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fövqəladə və səlahiyyətli səfirlər üçün təşkil olunan iftar süfrəsində deyib.
Ərdoğan qeyd edib ki, hazırkı müharibənin fəsadları dünyanın hər yerində hiss olunacaq.
Bu arada ABŞ-nin müdafiə naziri Pit Heqset Pentaqonda keçirilən brifinqdə bildirib ki, Birləşmiş Ştatlar “düşmən tamamilə və qəti şəkildə məğlub olana qədər” İranla müharibəni dayandırmayacaq. O, əlavə edib ki, bu, ABŞ tərəfindən müəyyən edilmiş müddət ərzində həyata keçiriləcək.
Müharibə Cənubi Qafqaza, konkret olaraq, Azərbaycan və Ermənistana hansı şəkildə sıçraya bilər? Bu bir “sürünən müharibə”mi? Ümumiyyətlə, savaş hazırda hansı mərhələdədir, sönməyə doğru gedir, yoxsa?
Professor Qabil Hüseynli Musavat.com-a deyib ki, müharibə Cənubi Qafqaza siyasi təsirlərini göstərməkdədir.
“Bu təsirlər müxtəlif formalarda təzahür edir. Misal üçün Azərbaycanın muxtar bölgəsinə dron hücumu olub, sonra Bakı-Tehran arasında gərginlik yaşanıb. Lakin az sonra təmaslar münasibətlərdə müsbət dönüş yaradıb və hətta Azərbaycan İrana humanitar yardım göndərib. Ermənistana isə PUA hücumu olmasa da, Paşinyan oğul Xameneini təbrik edib və bunun özü də bir münasibətdir. Həmçinin Ermənistan İrandan çəkinən bir ölkədir. Gürcüstan da yeni ali rəhbəri təbrik edib. Üstəlik, Tiflisin Tehranla mühüm logistik əlaqələri var. Bu mənada müharibənin siyasi-iqtisadi və hərbi təsirləri ən müxtəlif formalarda özünü göstərir. Amma savaşın bölgəmizə sıçramasını istisna edirəm. Təbii ki, qonşuluqda müharibə təhlükəsizliyi təhdid edir və risklər yaradır, amma Cənubi Qafqazı əhatə edəcəyini gözləmirəm”.
Q.Hüseynli hesab edir ki, müharibənin coğrafiyasının genişlənməsi heç bir tərəfə sərf etmir:
“İran bəlkə də region ölkələrini münaqişəyə cəlb etmək istərdi. Hətta Türkiyəyə raket və Azərbaycana dron hücumlarında da bu məqsədi güdən mərkəzlər olub. Bununla yanaşı, müharibənin arealının genişlənməsi böyük hərbi və humanitar fəlakətə yol aça bilər. Ona görə də əməliyyatların gedişindən görünür ki, savaşın tempi aşağı düşür və danışıqların başlaması mümkündür”.























