image-zengezur-88backend

Ermənistandan ilginc Zəngəzur hazırlığı

Paşinyan hökuməti hələ də tikintinin anonsunu verir, ortada isə real iş yoxdur – Bakıdan xəbərdarlıq
“Biz Amerika tərəfi ilə çox intensiv işləyirik və 2026-cı ilin ikinci yarısında yerlərdə tikintiyə başlanılacaq”. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ictimai televiziyaya Zəngəzur dəhlizi-Tramp marşrutu ilə bağlı açıqlamasında deyib. “Ümid edirəm ki, yaxın həftələrdə ilk sənədimiz olacaq. Gələn il beynəlxalq tərəfdaşlarımızın Ermənistana səfərləri ilə dolu olacaq”, – nazir bildirib.

“Yeni Müsavat”ın erməni mediasına istinadən bildirdiyinə görə, müxalifətin Rusiya və İranın “Tramp yolu”na qarşı olması ilə bağlı fikrini soruşduqda, Mirzoyan belə cavab verib: “O insanlara qulaq asmayın, bunlar yalandır. İranlı həmkarlarımdan eşitdiklərimə görə, infrastrukturun açılması İranda suallar yaradıb. Onlar suallar verdilər, biz cavab verdik və indi həm biz, həm də İran infrastrukturun kilidini açmaq üçün fürsət görürük”.

Bu arada Mirzoyan Rusiya ilə bağlı da diqqətçəkən açıqlamalar verib. “Ermənistan hökumətinin məqsədi Rusiyanı Ermənistandan çıxarmaq, Rusiya ilə siyasi, iqtisadi və digər əlaqələri kəsmək deyil, belə bir siyasət aparılmır və bizim beynəlxalq tərəfdaşlarımız bunu birbaşa bəyan ediblər”. Ararat Mirzoyan ictimai televiziyaya müsahibəsində  belə deyib. Nazir bildirib ki, nə vaxtsa Avropa İttifaqına (Aİ) daxil olmaq məsələsi ortaya çıxsa, Avrasiya İqtisadi İttifaqı (Aİİ) məsələsi qaçılmaz olaraq ortaya çıxacaq. “O məqam gələndə biz oturub qərar qəbul edəcəyik. Aİ ilə münasibətlərimiz getdikcə dərinləşir”, – Mirzoyan əlavə edib. O, həmçinin əmin edib ki, Şirak vilayətində yerləşən 102-ci Rusiya hərbi bazasının çıxarılması məsələsi Ermənistan hakimiyyətinin gündəmində deyil.

Ermənistana maliyyə yardımı göstərən Avropa rəsmisinin dediyi kimi, Rusiya Ermənistanı hibrid müharibə ilə hədələyirmi, sualına nazir Mirzoyan belə cavab verib: “Dezinformasiyanın əhəmiyyətli bir hissəsi rusiyalı ekspertdən, deputatdan qaynaqlanmır? Ona görə də hibrid təhlükələr müxtəlif yerlərdən, o cümlədən Rusiyadan qaynaqlana bilər”.

Bugünlərdə Rusiyanın İrəvandakı səfiri Kopırnik bir sıra təhdidedici açıqlamalar vermişdi.

“Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi Moskva ilə imzalanmış üçtərəfli razılaşmalar üzərində qurulub”.  Səfirin sözlərinə görə, Rusiya regionda mövcud olan bütün həssas və ağrılı məsələlərin həllinin tərəfdarıdır və bu prosesin uzunmüddətli perspektivdə həyata keçirilməsini vacib hesab edir: “Rusiyanın mövqeyi dəyişməyib. Biz indi də açıq şəkildə bəyan edirik ki, tərəflərə tələb olunan formatda və lazımi həcmdə yardım göstərməyə hazırıq. Cənubi Qafqazda baş verən proseslər bizim üçün böyük əhəmiyyət daşıyır”. Kopırkin qeyd edib ki, Rusiya regionda sabitliyin və davamlı sülhün təmin olunmasını strateji prioritet hesab edir və Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına töhfə verməkdə maraqlıdır.

Görünən budur ki, “Tramp marşrutu” ilə bağlı hərəkətlənmə başlayan kimi, Rusiya da üçtərəfli razılaşmaları gündəmə gətirir. Ermənistan isə nədənsə tərəddüdlüdür, cəsarətli davranmır. Ermənistan hakimiyyəti hələlik nəqliyyat dəhlizləri ilə bağlı təşəbbüslərin dəyərini açıqlamır. Teleqraf xəbər verir ki, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin “Sputnik Ermənistan”ın sorğusuna verdiyi cavabda müvafiq layihələrin əsas parametrlərinin hələ də öyrənildiyi bildirilib. Agentlik Ermənistan hökumətinə birinci mərhələ və sonrakı dövrlərdə proqnozlaşdırılan yükdaşımalarının həcmi, infrastrukturun hazırlıq vəziyyəti, tikintinin ən bahalı sahələri (yol, dəmir yolu, logistika mərkəzləri), eləcə də rəqəmsal nəqliyyat dəhlizləri və müasir yük nəzarəti sistemlərinin tətbiqi planları ilə bağlı suallar göndərib: “Hazırda bu məsələlər öyrənilir. Xüsusilə avtomobil və dəmir yollarının tikintisi üçün texniki-iqtisadi əsaslandırma və qiymətləndirmə işləri aparılır. Nəticələrin 2026-cı ilin birinci rübündə təqdim edilməsi planlaşdırılır”.

Paşinyan hökuməti hələ də tikintinin anonsunu verir, ortada real iş yoxdur. Proseslər nə vəd edir? İran və Rusiya maneəsi Zəngəzur dəhlizinin qarşısını ala bilərmi?

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov “Yeni Müsavat”a bildirdi ki, rəsmi İrəvan vaxtı uzadır: “Ermənistan tərəfi Zəngəzur dəhlizinin (“Tramp marşrutu”nun) tikintisi ilə bağlı boş vədlər verməkdə davam etdikləri vaxtda Azərbaycan hər iki tərəfdən – həm Zəngilan, həm də Naxçıvan Muxtar Respublikası istiqamətindən – yolları və yolla bağlı olan digər infrastrukturu bərpa edib başa çatdırmaqdadır. Biz Ermənistan tərəfdən real işləri görməyincə, belə açıqlamalara cidd əhəmiyyət verməməliyik. Real iş isə odur ki, ən azı layihə-smeta sənədləri hazır olsun, tikintini aparacaq şirkət müəyyən edilsin və digər məsələlər həll edilsin. Hələlik bunlar yoxdur və görünən budur ki, Ermənistan, sadəcə, vaxtı uzadır. Bunun da əsas səbəbi Ermənistanda gələn ilə nəzərdə tutulan seçkilər ola bilər”.

S.Məmmədov proseslərin geri dönüşünün olmadığına əmindir: “Biz dəfələrlə qeyd etmişik ki, bu yollar onsuz da tikiləcək və istifadəyə veriləcək. Sadəcə, Ermənistan tərəfi hələ də “şaxələnmiş diplomatiya”sını davam etdirir. Nazirin Ermənistanın Rusiya ilə münasibətləri barədəki “Avropa İttifaqına (Aİ) daxil olmaq məsələsi ortaya çıxsa, Avrasiya İqtisadi İttifaqı (Aİİ) məsələsi qaçılmaz olaraq ortaya çıxacaq. O məqam gələndə biz oturub qərar qəbul edəcəyik. Aİ ilə münasibətlərimiz getdikcə dərinləşir” fikirləri də həm Avropa İttifaqı, həm də Rusiya ilə manipulyativ siyasəti yaxın gələcəkdə də davam etdirəcəklərini göstərir. Bizim xalqda bununla bağlı yaxşı atalar misalları var… Deməli, Ermənistan bir tərəfdən Rusiyanı əmin edir ki, Rusiyanı Ermənistandan çıxarmaq və Rusiya ilə siyasi, iqtisadi və digər əlaqələri kəsmək niyyətində deyil, digər tərəfdən Avropa İttifaqı “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” adlı saziş imzalayır. Daha sonra Paşinyan Rusiyaya səfər edir və orada Rusiya ilə müttəfiqlik münasibətlərinin yüksək səviyyəsindən danışır. Avropa İttifaqı ilə münasibətlər dərinləşərsə, Rusiya ilə birgə gömrük birliyində qalmaq mümkün olmayacaq, əksinə, Ermənistan Gömrük İttifaqında qalmaqla Avropa İttifaqı ilə münasibətləri dərinləşdirə bilməyəcək”. STM-in icraçı direktoru bildirdi ki, buna görə də ermənilər hələlik diplomatik manevrlər edirlər: “Əgər Ermənistan Avropa İttifaqı və Rusiya ilə belə davrana, yalan vədlər verə bilirsə, deməli, bizm də onlara inanmağımıza dəyməz. Biz Ermənistandan real addımlar gözləyirik. Bunlar Zəngəzur dəhlizi ilə bağlı məsələnin həlli, Azərbaycana qarşı ərazi iddalarının konstitusiyalarından çıxarılması və sərhəd xəttinin delimitasiya proseslərinin sürətləndirlməsidir. Hələ ki hər 3 məsələ ilə bağlı ortada real addımlar yoxdur”.

Siyasi şərhçi Tural İsmayılov bildirdi ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “Tramp marşrutu” adlandırılan Zəngəzur istiqaməti ilə bağlı açıqlamaları Cənubi Qafqazda nəqliyyat-kommunikasiya məsələlərinin yenidən qlobal gündəmə çıxdığını göstərir: “Bu açıqlamalar ilk baxışdan İrəvanın açılımlara hazır olduğu görüntüsünü yaradır. Lakin mətnin alt qatında ciddi tərəddüd və qeyri-müəyyənlik açıq sezilir. Ermənistan hələ də konkret rəqəmlər, vaxt cədvəli və real öhdəliklər təqdim etmir. Bu isə prosesin siyasi ritorika mərhələsində qaldığını göstərir. Azərbaycan bu məsələdə fərqli xətt nümayiş etdirir. Rəsmi Bakı dəhliz və kommunikasiya layihələrini regional inteqrasiyanın əsas dayağı kimi təqdim edir”. T.İsmayılov xüsusilə vurğuladı ki, Azərbaycan üçün Zəngəzur dəhlizi yalnız nəqliyyat layihəsi deyil: “Bu, suverenlik, regional əməkdaşlıq və iqtisadi təhlükəsizlik məsələsidir. Prezident İlham Əliyevin siyasəti məhz bu xətt üzrə ardıcıl və prinsipialdır. Mirzoyanın Rusiya və İran amili ilə bağlı ziddiyyətli açıqlamaları İrəvanın geosiyasi sıxıntılarını üzə çıxarır. Bir tərəfdən ABŞ və Avropa ilə yaxınlaşma mesajları verilir. Digər tərəfdən Rusiya hərbi bazasının qalacağı xüsusi vurğulanır. Bu, ikili siyasət Ermənistanın manevr imkanlarını məhdudlaşdırır. Əslində İrəvan proseslərin subyekti deyil, obyektinə çevrilir”. Ekspert qeyd etdi ki, Rusiya üçtərəfli razılaşmaları xatırlatmaqla regional təsir mexanizmini qorumağa çalışır: “İran isə sərhədlər və tranzit balansı məsələsində ehtiyatlı mövqe tutur. Lakin hər iki aktor üçün dəyişməyən bir reallıq var. Bu reallıq Azərbaycanın formalaşdırdığı yeni regional status-kvodur. 2020-ci ildən sonra Cənubi Qafqazda oyunun qaydalarını məhz Bakı müəyyən edir. Zəngəzur dəhlizi ideyası da bu strateji baxışın məhsuludur. Azərbaycan dəhliz anlayışını beynəlxalq hüquq və regional maraqlar çərçivəsində təqdim edir. Burada heç bir ölkənin ərazi bütövlüyünə təhdid yoxdur. Əksinə, bölgə ölkələri üçün iqtisadi qazanc imkanları formalaşır. Bu baxımdan, İran və Rusiyanın prosesə açıq şəkildə mane olması rasional görünmür”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki