Müğənni Nurlan Əzizbəyli şəhər mərkəzində yerləşən evinin plana düşməsi səbəbilə köçmək məcburiyyətində qalıb. O bildirib ki, verilən kompensasiyanı qardaşı ilə bölərək Saray qəsəbəsindən həyət evi alıb. Bu hadisə plana düşən ev sahiblərinin qarşılaşdığı real seçimləri bir daha gündəmə gətirib.
Belə hallarda verilən kompensasiya şəhərdə eyni şəraitli mənzil almağa kifayət edirmi? Yoxsa insanlar əsasən kənd və qəsəbələrə köçməyə məcbur qalırlar?
Referans xəbər verir ki, globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib ki, uzun illərdir bu sahədə mübahisələr, məhkəmə çəkişmələri davam edir:
“Təəssüf ki, hələlik problemin real və hərtərəfli həlli görünmür. Əslində məsələ təkcə kompensasiya məbləği ilə bitmir. Söhbət həm də konstitusion hüquqların qorunması və təmin olunması ilə bağlıdır. Kompensasiya ödəyənlə yanaşı, qarşı tərəfə də hüquq və vəzifələri düzgün izah edilməlidir. Haqlı tərəfin kim olduğunu dəqiq demək çətindir. Mülkiyyət hüququ toxunulmazdır və vətəndaş bu baxımdan haqlıdır. O deyə bilər ki, mən az kvadratlı, sadə bir evdə daha xoşbəxt idim, elə şəhərin mərkəzində qalmaq istəyirəm. Digər tərəfdən, dünya dəyişir, şəhərsalma prinsipləri müasir çağırışlara uyğunlaşdırılır. Bakının mərkəzi və ətraf ərazilərdə tarixi-memarlıq abidələri istisna olmaqla, söküntü və yenidənqurma işləri qaçılmazdır. Bu, təkcə estetik və funksional görünüş üçün deyil, həm də ciddi infrastruktur problemlərinin həlli üçün vacibdir”.
Ekspert bildirib ki, yağıntılar zamanı küçələrin su altında qalması, köhnəlmiş nəqliyyat infrastrukturu, gündəlik tıxaclar və sair kimi problemlər təcili şəhərsalma tədbirlərini tələb edir:
“Kompensasiya məsələləri isə ədalətli bazar dəyəri əsasında, investisiya proqramları çərçivəsində qiymətləndirilməlidir. Məsələn, şəxsin Ağ şəhərin yaxınlığında yerləşən fərdi evinə görə elə həmin ərazilərə adekvat kompensasiya tələb etməsi doğru deyil. Əmlakın dəyəri həm vətəndaşın, həm də investorun maraqlarını balanslaşdıracaq səviyyədə müəyyən olunmalıdır”.